PAMBIQÇILIQDA MƏHSULDARLIĞIN ARTIRILMASI İLƏ BAĞLI TƏLİMLƏR DAVAM EDİR

 

Azərbaycan Respublikasının pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarında keçirilən təlimlərin qrafikinə uyğun olaraq pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə təlimlər davam edir.

Növbəti təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağıyev, Bitkiçilik şöbəsinin  sektor müdiri  Oktay Hüseynov, Kənd Təsrüffatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və “Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət təlim qrupu tərəfindən Tərtər, Goranboy və Samux rayonlarında həyata keçirilib.

Açıq tarla şəraitində baş tutan və fermerlərin iştirakı ilə keçirilən təlimlərdə pambıq sahələrində səpinlərin başa çatdırılması, çıxış alınmış sahələrdə kultivasiya və malalama tədbirlərinin səmərəli təşkili, aqrotexniki qaydalara düzgün riayət edilməsi, pambıq əkinlərinin düzgün gübrələnməsi, bitkinin zərərverici və xəstəliklərdən mühafizəsi sahəsində çatışmazlıqları müzakirə edilib. Həmçinin, açıq ərazi görüşlərində aqrotexniki tədbirləri müasir səviyyədə həyata keçirmək üçün tövsiyələr verilib və görüləcək tədbirlər praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov pambıqçılığın inkişafına və keyfiyyətli pambıq istehsalına nail olmaq üçün nəzərdə tutulan kimyəvi mübarizə və aqrotexniki tədbirlərə düzgün əməl olunmasının vacibliyini diqqətə çatdırıb.

Texniki vasitələrdən düzgün istifadə qaydaları barədə danışan Yaqub Cəfərov çiləyici aqreqatların, gübrəsəpən və kultivasiya qoşqularının sahəyə çıxmamışdan əvvəl normalara uyğun sazlanmasına diqqət yetirməyi tövsiyə edib. Bildirib ki, gübrələrin və pestisid məhlullarının tələb olunan normadan az və ya çox verilməsi ziyanlı orqanizmlərin məhv olmamasına, bitkinin qidalı maddələri normal ala bilməməsinə və bitkinin stress yaşamasına səbəb olur.  

Tədbirdə digər təlimçilər aqreqatların sazlanma qaydalarını əyani şəkildə iştirakçılara göstəriblər.

İştirakçılar əkin və aqrotexniki tədbirlər zamanı qarşılaşdıqları problemlər barədə danışıblar. Onların qarşılaşdıqları problemlər yerindəcə müzakirə olunub və problemlərin həlli ilə bağlı onlara müvafiq tövsiyələr verilib. Təlimin sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.  


  • A
  • A
  • A