QƏBUL MƏNTƏQƏLƏRİNƏ 232 MİN 231 TON PAMBIQ TƏHVİL VERİLİB

Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Respublika üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

  • A
  • A
  • A