• Ana səhifə
  • Xəbərlər
  • QOBUSTAN RAYON ƏKİNÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTUNUN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLİB
QOBUSTAN RAYON ƏKİNÇİLİK ELMİ TƏDQİQAT İNSTİTUTUNUN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLİB

Qobustan rayonunda Elmi Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və  bölgə fermerləri iştirak edib.

Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurğuları ilə toxumların təmizlənməsi, dərmanlanması qablaşdırılması prosesi ilə əyani tanış olmaq və fermerlərlə fikir mübadiləsi aparmaq və fermerlərin sertifikatlı toxumlara marağının stumullaşdırılmasından ibarətdir.  

Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək taxılçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. Eyni zamanda sertifikatlı toxumlardan istifadə etməklə taxılçılıqda məhsuldarlığı 30-40 % artırmağın mümkünlüyü, mənşəyi məlum olmayan keyfiyyətsiz toxumlardan istifadənin ziyanları və bu cür tədbirlərin mütəmadi olaraq respublikanın digər bölgələrində keçirilməsinin vacibliyi tədbir zamanı vurğulanıb.

Müşavirədə iştirak edən fermerlər bu sahədə qarşılaşdıqları problemlər barədə söhbət açmış, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmış və onların həll olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonda müasir toxumtəmizləmə qurğusunda toxumun təmizlənməsi, dərmanlanması, qablaşdırılması və etiketlənməsi prosesi ilə əyani tanış olundu və bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhmiyyəti fermerlərin nəzərinə çatdırılıb.




  • A
  • A
  • A