• Ana səhifə
  • Xəbərlər
  • \"REGİONLARDA MAARİFLƏNDİRMƏ VƏ SORĞU” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ AĞCABƏDİDƏ KEÇİRİLİB
\"REGİONLARDA MAARİFLƏNDİRMƏ VƏ SORĞU” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ AĞCABƏDİDƏ KEÇİRİLİB

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satış qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların maarifləndirilməsi, vətəndaşlara ASC-nin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həlli istiqamətində addımların atılmasıdır.

Ağcabədi şəhərindəki Bayraq Muzeyində keçirilən növbəti görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam və Tərtər rayonlarından olan fermerlər iştirak ediblər.

Görüşdə “Aqrolizinq” ASC-nin Daxili nəzarət və təhlil şöbəsinin müdiri Elmin Rəhmanov “Layihənin mahiyyəti, məqsəd və hədəflərimiz”, Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi”, Kənd təsərrüfatı texnikalarının və avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov “10 illik lizinqli satış və 40 faiz güzəşt”,  Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin sektor müdiri Vüsal Tağıyev “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması” mövzularında çıxış ediblər. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov innovativ yeniliklər, tətbiq edilən elektron xidmətlər barədə ətraflı məlumat verib.

Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları problemlər və onların həll yolları müzakirə edilib, təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilib.

Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafı ilə bağlı yeni texnikaların bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyətin yarandığı 2005-ci ildən bəri Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam və Tərtər rayonlarından olan 1341 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 54 milyon 309 min 913 manat təşkil edən 3287 ədəd kənd təsərrüfatı texnikası verilib.






  • A
  • A
  • A