Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcılı tədbirlər həyata keçirilməkdədir. Cari mövsümdə barama istehsalının səmərəli təşkili məqsədi ilə Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) təşkilatçılığı ilə Sabirabad rayonunun Qaragüney kəndində barama istehsalı ilə məşğul olan fermer Hakim Fətişovun 1 hektarlıq tut (çəkil) bağında tarla seminarı keçirilib. Tədbirdə AEİM-in direktoru, Nazirliyin yerli qurumlarının nümayəndələri və rayonda barama istehsalı ilə məşğul olan kümçü fermerlər iştirak ediblər.
Seminarda qeyd olunub ki, dövlət dəstəyi və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində baramaçılığa maraq artır. Tədbirdə baramaçılığın inkişafı məqsədilə yem bazasının yaradılması, mövcud çəkil bağlarına aqrotexniki qulluq işlərinin vaxtında göstərilməsi, budama işlərinin həyata keçirilməsi və məhv olmuş tinglərin yerli istehsal hesabına bərpa olunması məsələləri müzakirə edilib.
Yeni tut bağlarının salınmasında tinglərin vegetativ yolla çoxaldılması praktikası əyani şəkildə fermerlərə nümayiş etdirilib. Bildirilib ki, təsərrüfat şəraitində tinglərin vegetativ yolla çoxaldılması cavan zoğlardan çiliklərin hazırlanması, tingçilik üçün ayrılmış torpaq sahəsində köklənmə üçün əkilməsi və növbəti ildə əkin sxemi üzrə sahəyə köçürülməsini özündə ehtiva edir. Vegetativ yolla çoxaldılama tinglərin yerli şəraitə daha rahat adaptasiya olunmasını və inkişafını təmin edir.
Seminarda baramaçılıqda yem bazasının gücləndirilməsi ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlər ətraflı müzakirə olunub. Seminardan sonra kənddə mövcud kümxanalara baxış keçirilib və cari mövsümə hazırlıqla bağlı tövsiyyələr verilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026