• Ana səhifə
  • Xəbərlər
  • Siyəzəndə mövsümi heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlı sahə nümayişi keçirilib
Siyəzəndə mövsümi heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlı sahə nümayişi keçirilib

Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) tərəfindən həyata keçirilən “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində fermer təsərrüfatlarında maarifləndirmə tədbirləri davam etdirilir.

Növbəti belə tədbir mərkəzin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən Siyəzən rayonunun Beşdam bələdiyyəsi ərazisindəki təsərrüfatda keçirilib. Heyvandarlıq təsərrüfatlarında mövsümi xəstəliklərə qarşı  mübarizə tədbirləri, dərmanlardan düzgün istifadə, yemləndirmə rasionlarının qurulması mövzularına həsr edilmiş sahə nümayişində rayonda fəaliyyət göstərən fermerlər iştirak ediblər. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova fermerlərə layihənin mahiyyəti haqqında məlumat verib və onlara təsərrüfatın rentabelli fəaliyyətinin təmin olunması istiqamətində elmi tövsiyələrdən geniş istifadə etməyi məsləhət görüblər. Bildirilib ki, bu istiqamətdə fermerlər hər bir rayondakı Dövlət Aqrar İnkişaf Mərkəzləri ilə yanaşı, AEİM-in institutları, RAEİM-lərin imkanlarından istifadə edə bilərlər.

Daha sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Səhman Bayramov, İnformasiya təminatı və xəstəlikərin proqnozlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Azər Həsənov, Quş xəstlikləri şöbəsinin aparıcı elmi işçiləri Mirzəmməd Həsənov və Ramin Məmmədov  heyvanlar arasında baş verən infeksion, invazion və yoluxmayan daxili xəstəliklər, onların yaranma səbəbləri, yayılması, heyvanların bu xəstəliklərlə yoluxması və onların qarşısının alınması barədə geniş məlumat veriblər. Bildirilib ki,  heyvandarlıq təsərrüfatlarını narahat edən invazion xəstəliklərə qarşı müalicə və profilaktika tədbirlərinin aparılma qaydaları elmi əsaslarla təşkil olunmalıdır. Qeyd olunub ki, təsərrüfatlarda baş verən hər hansı bir xəstəliyə qarşı istifadə olunan müxtəlif formalı kimyəvi preparatların (həb, paraşok, inyeksiya) işlədilməsi qaydaları ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir.

İnstitutun İnformasiya təminatı və xəstəlikərin proqnozlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Azər Həsənov fermerlərə epizootik vəziyyətlə əlaqədar olaraq mövsümü xəstəliklər, heyvanların yemlənmə və saxlanma şəraiti barəsində geniş məlumat verib. Heyvanlar arasında baş verən qan-parazitar xəstəliklərinin törədicilərinə qarşı istifadə edilən kimyəvi maddələrin hazırlanması və tətbiqi prosesi fermerlər üçün əyani nümayiş etdirilib. İnfeksion xəstəliklərin törədicilərinə qarşı dezinfeksiya maddələrindən məhlulların hazırlanması və çiləyici vasitəsilə tövlələrin dezinfeksiya edilməsi qaydaları fermerlərə ətraflı izah olunub.

Tədbirin praktik hissəsi iribuynuzlu heyvanların saxlandığı tövlə şəraitində davam etdirilib, tövləyə baytarlıq-sanitariya baxışı keçirilərək xəstəliklərin təsərrüfatlara vurduğu iqtisadi zərər barədə fermer və sahibkarlara məlumat verilib. Qış mövsümündə yemləmə və yem rasionlarının tərtib olunması haqqında tövsiyələr çatdırılıb.  

Fermerlərin çoxsaylı sualları cavablandırılıb və onlara institutun metodiki vəsaitləri təqdim olunub.