Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Ölkəmizdə əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsi məqsədilə lazımi tədbirlər həyata keçirilir. Son illərdə heyvandarlıq məhsullarının istehsalında əhəmiyyətli artıma nail olunub. Məhsuldarlığın artırılmasında və heyvanların cins tərkibinin yaxşılaşdırılmasında damazlıq təsərrüfatlarının xüsusi rolu var. Belə təsərrüfatlarından biri də Salyan rayonunda yerləşir. Fermer Elvin Həsənliyə məxsus təsərrüfatda damazlıq heyvanlar bəslənilir. Bu təsərrüfat 2015-ci ildən başlayaraq “Aqrolizinq” ASC ilə mütəmadi əlaqələr qurub.
Təsərrüfata lizinq yolu ilə Avstriya və Almaniyadan gətirilən ətlik-südlük istiqamətli “Simmental” və südlük istiqamətli “Holştein-friz” cinsli heyvanlar satılıb. Hazırda təsərrüfatda 70-ə qədər damazlıq heyvan saxlanılır. Bu heyvanlar birinci laktasiyada gündəlik 20-30 kiloqram süd verir. Yemlənmə şəraitindən asılı olaraq məhsuldarlıq 40 kiloqrama da çata bilir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” ASC-nin damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilov bildirib.
Onun sözlərinə görə, heyvanların Azərbaycanda yerli fermerlərə satışı zamanı onların təcrübəsi, heyvanların saxlanılma şəraiti əsas götürülür. Heyvanların tam dəyəri 3 il müddətinə hər il 2,84 faiz olmaqla sığortalanır və sahibkar tərəfindən tam şəkildə heyvan lizinqə götürülərkən ödənilir. Damazlıq heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar alacağı hər bir baş iribuynuzlu heyvanın dəyərindən avans ödəyərək, cəmiyyətlə ilkin müqavilə bağlayır. Heyvanlar ölkəyə gətirilib karantin keçdikdən sonra damazlıq heyvanın lizinqə verilməsi barədə sahibkarla lizinq müqaviləsi bağlanılır. Bu zaman sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini (əvvəlcədən ödənilmiş avans məbləği nəzərə alınmaqla) ilkin ödəniş edir. Güzəştli dəyərin qalan 50 faiz məbləği isə sahibkar tərəfindən cəmiyyətin hesabına rüblər üzrə 3 il müddətinə ödənilir.
ASC rəsmisi qeyd edib ki, bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır. Bu da, öz növbəsində, ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
“Respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ölkədə mövcud olan heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün 2009-2018-ci illərdə xaricdən 29 mindən çox cins damazlıq heyvanlar gətirilərək, dəyərinə 50 faiz güzəşt tətbiq edilməklə sahibkarlara lizinq yolu ilə satılıb”, - deyə Kamil Şamilov bildirib.
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023
“Caspian Agro” çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar davam edir
18 May 2023