• Ana səhifə
  • Xəbərlər
  • Taxılçılıq rayonlarında zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
Taxılçılıq rayonlarında zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir

Kənd Təsərrüfatı Nazirliyi yaninda Dövlət Fitosanitar Xidmətinin mütəxəssisləri tərəfindən respublikamızın taxılçılıq rayonlarında karantin tətbiq edilən zərərli orqanizmlər və digər zərərverici və xəstəliklərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Füzuli rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən aprel ayının əvvəllərindən etibarən rayon ərazisində yerləşən taxıl əkini sahələrində zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Bu günə qədər Alıxanlı, Kürdmahmudlu və Qarxanbəyili ərazilərini əhatə edən 111 hektar taxıl sahəsində siçanabənzər gəmiricilərlə bağlı fitosanitar müşahidələr aparılıb və 99 hektar sahədə sirayətlənmə aşkar edilib. Dövlət büdcəsi hesabına ayrılmış sink-fosfid preparatı istifadə edilməklə 91 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Alıxanlı kəndinə isə “Kraun-Ko” MMC-yə məxsus 3600 hektar taxıl sahəsində alaq otları ilə bağlı fitosanitar müşahidələr aparılıb və sirayətlənmə aşkar olunmuş 3200 hektar sahədə “Renubura” herbisidindən istifadə edilməklə kimyəvi mübarizə aparılıb.
“Kraun-Ko” MMC və “Natural Aqro” MMC-yə məxsus 1602 hektar taxıl sahəsində sarı pas xəstəliyi ilə bağlı aparılmış fitosanitar müşahidələr nəticəsində 487 hektar sahədə sirayətlənmə aşkar olunub və təsərrüfat subyektləri hesabına Tilt (0.5 l/ha) və Rauma (1.125 l/ha) preparatlarından istifadə edilməklə 347 hektar sahədə xəstəliyə qarşı kimyəvi mübarizə aparılıb. 
Hazırda Neftçala rayonunda havaların yağmurlu keçməsi ilə əlaqədar bəzi taxıl sahələrində sarı pas xəstəliyi müşahidə olunur. Belə ki, rayon Bitki Mühafizə Mərkəzinin (BMM) yerli mütəxəssisləri tərəfindən Haxverdili, Boyat və Xolqarabucaq kəndlərini, eləcə də Xol bölgəsini əhatə edən 2798 hektar buğda sahəsində fitosanitar müşahidə aparılıb və 351 hektar sahədə sirayətlənmə müəyyən olunub. Sirayətlənmiş ərazilərin hamısında Alto Super (propikonazol+ciprokonazl - 0.4  l/ha), Canizol (difenikonazol- 0.2 l/ha) və Tilt (0.5 l/ha) preparatlarından istifad olunmaqla kimyəvi mübarizə tədbirləri aparılıb.

1555398215_4.jpg 1555398218_3.jpg 1555398272_5.jpg

Bu günə qədər Aşağı Surra, Aşağı Qaramanlı, Sarıqamış, Tatarməhlə, Boyat, Xolqaraqaşlı və Qaçaqkənd kəndlərinə məxsus olan 5111 hektar taxıl sahəsində alaq otlarına (turpəng, qanqalın müxtəlif növləri, pıtraq və s.) qarşı fitosanitar müşahidə aparılıb və 2503 hektar sahədə sirayətlənmə müşahidə olunub. 2287 hektar sahədə Renumbra və 2,4 D amin duzu preparatlarından istifadə olunmaqla, kimyəvi mübarizə tədbirləri aparılıb.
Gədəbəy rayonunun taxıl və otlaq sahələrində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri həyat keçirilir. Belə ki, rayon BMM-in mütəxəssisləri tərəfindən Novosaratovka və Başkənd kəndlərinə məxsus 1010 hektar taxıl va otlaq sahələrində fitosanitar müşahidə aparılıb və 760 hektar sahədə sirayətlənmə müəyyən olunub. Dövlət vəsaiti hesabına ayrılmış Sink-fosfit preparatından istifadə olunmaqla 700 hektar sahədə kimyəvi mübarizə aparılıb.
Yevlax rayonunun taxıl əkini sahələrində də alaq otlarına qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə işləri aparılır. Rayonun Nemətabad, Səmədabad, Nərimankənd, Kövər, Malbinəsi kəndlərini əhatə edən 920 hektar sahədə alaq otlarının yayılmasını müəyyənləşdirmək məqsədi ilə fitosanitar müşahidələr aparılıb və 340 hektar sahədə sirayətlənmə aşkar edilib. 210 hektar sahədə isə Renumbra (2l/ha) preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb.
Hazırda adları çəkilən rayonlarda fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, kimyəvi mübarizə tədbirləri aparılan bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulu istehsalçıları arasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı təlimatlandırma və maarifləndirmə işləri də aparılır.

  • A
  • A
  • A