Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Zaqatala Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Zaqatalada “Şəki-Zaqatala bölgəsində tütünçülüyün inkişaf perspektivləri və onların həlli yolları”na həsr edilmiş təlim-seminar keçirilib. Seminarda Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı, Zaqatala DAİM-in rəhbər və mütəxəssisləri, bölgənin tütünçülüklə məşğul olan fermerləri, respublikada tütünün istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Zaqatala DAİM-in direktoru Xalis Mahalov kənd təsərrüfatının, xüsusən də onun tütünçülük sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, ümumi tütün əkinlərinin 90%-dən çoxunun Şəki-Zaqatala iqtisadi rayonun payına düşdüyünü diqqətə çatdıraraq, cari təsərrüfat ilində Zaqatala rayonunda tütün əkini sahələrinin mövcud vəziyyəti, problemləri, bu sahədə qarşıda duran həlli vacib məsələlərə toxunub. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Azərbaycanda tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. O, çıxışında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramında təsbit edilmiş tədbirlər planında İnstitutun qarşısında duran vəzifələr, tütünçülük sahəsinin strateji istiqamətləri, tədqiqat prioritetləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Azərtütün ASK” MMC və Fransanın Berjerak Toxum və Seleksiya Şirkəti arasında bağlanılmış elmi əməkdaşlığa dair müqavilələrin müddəalarına toxunub.
“Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev respublikanın şimal-qərb rayonlarında bazarın tələbinə uyğun olaraq əsasən ətirli “Virciniya” tipli tütün sortlarına daha çox üstünlük verildiyini, hazırkı dövrə qədər istehsal olunan quru tütünün qəbulu, keyfiyyəti, təmsil etdiyi qurumun Şəki-Zaqatala iqtisadi rayonunda tütün emalı müəssisələrinin rəqabətqabiliyyətli məhsul istehsalındakı fəaliyyəti, tütünün tədarükü ilə əlaqədar fermerlərlə bağlanılmış müqavilələr haqqında danışıb.
Tədbirin proqramına uyğun olaraq Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov “Zaqatala Bölgə Təcrübə Stansiyasında tütünçülük üzrə aparılan elmi və təcrübi işlər”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, tütünçü alim Bəhlul Abbasov “Tütünün seleksiyası və ilkin toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi”, böyük elmi işçi Qabil Kazımov “Virciniya və Berley tipli tütün sortlarından yüksək keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə üsullarının əhəmiyyəti” mövzularında çıxış ediblər.
Konfrans öz işini Zaqatala Bölgə Təcrübə Stansiyasında tarla şəraitində davam etdirib. Konfrans iştirakçıları yerli və xarici tütün sortlarının nümayiş əkinləri ilə tanış olublar. Sonda tütün əkini ilə bağlı fermerlərin sualları cavablandırılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026