Üzüm bağlarında maarifləndirmə tədbirləri davam etdirilir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən mövsümlə əlaqədar olaraq Şəmkir rayonunda fermerlərə məxsus üzüm bağlarına baxış keçirilib.

Şəmkir rayonunun Qapanlı kəndinin Nazik Su ərazisində yerləşən Maisə İsayevaya məxsus 5 ha üzüm bağı olan fermer təsərrüfatına baxış zamanı üzümün xəstəlik və zərərvericilərdən qorunmasına düzgün və vaxtında əməl edilmədiyindən sahədə becərilən Red qlob, İtaliya muskatı və digər sortlarda xeyli dərəcədə çürümələrin olduğu aşkar edilib. Bu da üzümün əmtəəlik keyfiyyətinə və məhsuldarlığına mənfi təsir edərək, istehsalçının iqtisadi zərərə düşməsinə səbəb olub. Alimlər tərəfindən üzümün çürümə səbəbləri və onun vaxtında qarşısının alınması ilə bağlı məsləhətlər verilib. Belə ki, çürümə, adətən, gilələrin yetişmə dövründə baş verir və rütubətli havada sürətlə inkişaf edir. Gilələrin çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrinə göbələyin sporları düşərək cücərir, onun çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də, həmçinin, boz çürüməyə yoluxurlar. Zədələnmiş gilələr bozarır, onların qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək, salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək, homogen şəkildə gilələrin üzərini tutur və tündləşir. Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq sıyrılır.

Bildirilib ki, çürümə xəstəliklərinin bir sıra səbəbləri var. Üzüm salxımlarının çürüməsinin ən başlıca səbəbi oidium xəstəliyidir. Beləki, üzüm giləsi xəstəliyə sirayətlənəndə qabıq inkişafdan qalır, yəni, gilələr böyümür. Gilənin içərisində isə olan toxumlar normal inkişaf edir. Bu da gilələrin içəridən sıxılıb partlamasına gətirib çıxarır. Nəticədə partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır. Çürümə xəstəliklərinin ikinci səbəbi salxım yarpaqbükənin 2-ci və 3-cü nəslinin üzümün qora və yetişməkdə olan dövründə vurduğu zədələrdir.

Çürümə xəstəlklərinin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzun müddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur. Ona görə də, yuxarıda adları çəkilən xəstəlik və zərərvericilərin inkişaf dinamikası izlənilməli, diaqnostikası düzgün təyin edilməli və onlara qarşı aqrotexniki, kimyəvi mübarizə tədbirləri  vaxtında həyata keçirilməlidir.

Fermer təsərrüfatının sahibi Maisə İsayeva gələcəkdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcəyini vurğulayaraq, alim və mütəxəssislərin aqroməsləhətləri əsasında becərmə və mühafizə işlərinin həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılmış Məsləhət Xidmət Qrupu tərəfindən analoji maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcəkdir.