Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun dəvəti ilə bu ölkədə səfərdə olub. İnstitutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, direktor müavini Rasim Yusubov, şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov və texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynovdan ibarət nümayəndə heyəti səfər çərçivəsində qardaş ölkədə üzümçülüklə bağlı elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi sahəsində təcrübəni yaxından öyrənmək məqsədilə Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən tədqiqatlarla tanış olublar.
Azərbaycan nümayəndə heyəti Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun müdiri Cengiz Özer, müdir müavini Gürkan Güvenç Avcı, institutun digər əməkdaşları və texniki heyətlə görüşüb. Görüşdə üzümçülük sahəsində görülən işlər müzakirə edilib. Səfər çərçivəsində institutun kolleksiya və təcrübə bağları, elmi-tədqiqat laboratoriyaları, burada aparılan elmi işlərlə yerində tanışlıq olub, həmçinin əldə edilən nəticələr və təcrübələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Cengiz Özer rəhbərlik etdiyi elm ocağının inkişaf tarixindən, qazandığı nailiyyətlərdən danışaraq gələcək əməkdaşlığın perspektivlərinə toxunub. O, Azərbaycanda üzümçülük sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərlə əlaqələrin təşkilində maraqlı olduqlarını deyib, bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib. Vüqar Səlimov da öz növbəsində rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O, əsası 1976-cı ildə qoyulan institutda elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. V.Səlimov iki qardaş ölkənin üzümçülük sahəsində fəaliyyət göstərən elmi müəssisələri arasında xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı əməkdaşlığın nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə hər iki institut tərəfindən ortaq elmi fəaliyyətlərin reallaşdırılması, fundamental və tətbiq yönümlü elmi-texnoloji araşdırma və layihələrin həyata keçirilməsi, əldə olunan elmi və texnoloji nailiyyətlərin tətbiqi və qarşılıqlı istifadə olunması, yüksək ixtisaslı tədqiqatçıların yetişdirilməsi, qarşılıqlı bilik və informasiya mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində iki institut arasındakı gələcək elmi əməkdaşlığın istiqamətləri müəyyən edilib, Azərbaycan və Türkiyə arasında üzümçülük sahəsində də əlaqələrin qurulmasının zəruriliyi vurğulanıb. C.Özer əlavə edib ki, müasir elmin çağırışların əsasında üzümçülük və şərabçılıq sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlərlə bağlı hər iki institutun potensialını birləşdirərək qarşılıqlı elmi araşdırma işlərinin həyata keçirməsi məqsədəuyğundur.
Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutu virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxum kulturalarının eksperimental (in vitro) çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formlarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlə davamlılığının laborator şəraitdə tədqiqi və s. sahəsində mühüm elmi nəticələrə, kadr potensialına, laboratoriyaya malikdirlər ki, bundan da Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu birgə layihələr nəticəsində yararlana bilər.
Qeyd edək ki, səfər proqramı “Trakya üzüm bağı marşrutu” üzərindəki bəzi müəssisələrin fəaliyyəti ilə tanışlıqla başa çatıb.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026