Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin TAGEM dairə başkanı Gökhan Kızılcı, Atatürk Bahçe Kültürləri Mərkəz Araşdırma İnstitutunun (Yalova) müdiri Yılmaz Boz Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Səfər zamanı Türkiyə nümayəndə heyəti ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov arasında görüş keçirilib. TAGEM dairə başkanı Gökhan Kızılcı bildirib ki, iki ölkənin müvafiq institutlarının birgə elmi araşdırmalar aparması və layihələr həyata keçirməsi üçün böyük elmi potensial və əlverişli şərait mövcuddur. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, tingçilik, klon seleksiyası, hibridləşdirmə, biotexnologiya, genetik qaynaqların qorunması, şərablıq üzüm çeşidlərinin keyfiyyətinin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, quru üzüm, üzüm çəyirdəyi yağının istehsalı və digər sahələrdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Beynəlxalq Üzüm/Anac Kolleksiyasının Yaradılması və Mühafizəsi” layihəsi çərçivəsində tədqiqatlara başlanılıb. Üzüm sortlarının genefond mübadiləsi, seleksiyası, identifikasiyası, Azərbaycanın qiymətli, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm sortlarından götürülmüş nümunələr üzərində birgə əməkdaşlıq məqsədilə analizlər aparılır. Araşdırmaların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın qiymətli yerli süfrə, kişmişi və şərablıq üzüm sortları üzərində də araşdırmaların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, institutlar arasında virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının “in vitro” çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitdə tədqiqinin gerçəkləşdirilməsi mümkündür. Daha sonra tədbir iştirakçıları İnstitutun Fiziki-kimyəvi analizlər laboratoriyasına, Üzümün emalı və şərabın texnologiyası şöbəsinə və çoxillik şərabların saxlanıldığı zirzəmiyə baxış keçiriblər. Laboratoriyada klassik və müasir üsulla aparılan analizlərlə, üzümün emalı və şarabın hazırlanması texnologiyaları ilə yaxından tanış olublar.
Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib
11 Mart 2026
Nazir Məcnun Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
11 Mart 2026
Ağdərədə kənd sakinlərinin aqrar bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramı uğurla yekunlaşıb
11 Mart 2026
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələrinin buraxılışı həyata keçirilib
11 Mart 2026
Laçın rayonunun Zabux kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
11 Mart 2026