• Ana səhifə
  • Xəbərlər
  • Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rauf Əsədullayev Fransanın Tur şəhərində keçirilmiş  Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) Elmi və Texniki Komitəsinin işində  iştirak edib.

Elmi və Texniki Komitənin iclasında təşkilatın 2020-2024-cü illər üçün Strateji Planı qəbul edilib. Əsas istiqamətlər kimi ekoloji təmiz üzümçülüyün inkişafı, davamlı inkişaf və bazarların qloballaşmasına uyğun olaraq iqtisadi fəaliyyətin gücləndirilməsi, üzümçülüyün inkişaf etdirilməsi vasitəsilə ictimai inkişafa yardım edilməsi, harmonik tənzimləmə mühitinin inkişafı (təsnifat, keyfiyyətə nəzarət, analiz üsulları üzrə təlimatların işlənib hazırlanması və yenilənməsi), sektorun rəqəmsallaşmasına yardım, OIV-nin beynəlxalq aləmdə elmi-texniki və mədəni rolunu möhkəmləndirilməsi müzakirə olunub. Həmçinin, 2020-ci il üçün təfsilatlı, icra mərhələsi göstərilməklə iş proqramı təsdiq edilib. Daha sonra 4 komissiyanın məruzəsi, sahə üzrə mövcud vəziyyət barədə məlumat dinlənilib, tədqiqat qrantları barədə məlumat verilib. Komitənin Fövqəladə Ümumi İclasında 2020-ci il üçün büdcə təsdiq edilib. Növbəti OIV Konqresinin təşkili, patronaj üçün edilən müraciətlər və digər cari məsələlər müzakirə olunub.

Rauf Əsədullayev tədbir çərçivəsində İtaliya, Portuqaliya, Tükiyə, Yunanıstan və digər ölkələri təmsil edən üzümçü alimlərlə elmi xarakterli görüşlər keçirib, onlara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti haqqında geniş məlumat verib.  İnstitutun ampeloqrafik kolleksiyası və itmək təhlükəsi ilə üzləşən ənənəvi yerli üzüm sortlarının aşkar edilərək çoxaltmaq istiqamətində gördüyü işlər böyük marağa səbəb olub. Portuqaliya nümayəndəsi professor de Sousa bu istiqamətdə birgə elmi iş aparmağı təklif edib. Həmçinin, iqlim dəyişməsinin üzümçülüyə təsiri ilə bağlı müştərək tədqiqatlar aparılması imkanları nəzərdən keçirilib. Yaxın sessiyaların birində qeyd edilən məsələlərə həsr olunmuş tədqimat hazırlamaq qərara alınıb.

Türkiyənin üzümçülük-şərabçılıq sahəsində aparıcı elmi müəssisələrindən olan Ege Universitetinin professoru Ə.Altındişli ilə əməkdaşlıq müqaviləsinin bağlanması barədə razılıq əldə olunub. “Təhlükəsizlik və sağlamlıq” komissiyasının prezidenti professor G.Arpentin bu sahə üzrə institutların müvafiq xarici qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edəcəyini vəd edib.

Toplantı iştirakçıları üzümün istehsalı və emalı ilə bağlı hər bir mövzu üzrə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə  əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Rauf Əsədullayev bildirib ki, mövcud tələbat və imkanlar qiymətləndirildikdən sonra yaxın zamanda müvafiq elmi müəssisələrlə əməkdaşlıq istiqamətləri qurulacaq.