Üzümçülüyün elmi əsaslarla inkişafı ilə bağlı yeni kitab nəşr olunub

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən "Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər" vəsaiti üzüm-şərab istehsalçıları, üzümçü fermer və sahibkarlar üçün müasir tələblərə uyğun olaraq tərtib olunub.

Elmi əsər Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının birgə araşdırmaları nəticəsində ərsəyə gəlib. Kitabın müəllifləri aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hikmət Nəsibovdur.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş üzümçülük və şərabçılığın inkişafına dair Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin icrasına elmi baxımdan töhfə hesab edilən "Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər" kitabı respublikamızda prioritet sahə kimi qarşıya qoyulan üzümçülüyün və onun emal sənayesinin elmi əsaslarla inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və innovativ texnologiyaların tətbiqi məqsədilə yazılmış ilk geniş ensiklopedik tədqiqat işi olmaqla, istehsalın müvafiq sahələrində çalışan mütəxəssislər, üzümçülük və şərabçılıqla məşğul olan elmi işçilər, eləcə də bu sahədə təhsil alan tələbələr, magistrlər, doktorantlar və digər oxucuların öz bilik və bacarıqlarını artırması üçün olduqca dəyərli vəsaitdir.

Kitabda respublikanın təbii-iqtisadi bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının və üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq  zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası, aqroekologiyası, əsas xəstəlik və zərərvericiləri, onlara qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında məlumat verilir. Həmçinin üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün risk amilləri təyin edilərək, təhlil edilmiş və qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər müəyyənləşdirilib. Üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər və yaranmış vəziyyətdə iqtisadi subyektin fəaliyyəti üçün təhlükə yaradan amillər, risk törədən daxili və xarici mühitin zəif və güclü tərəfləri, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması üzrə üsullar öz əksini tapıb.