Üzümlüklərdə qış tədbirləri - Fermerlərə tövsiyə

Hazırda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya Bağında üzümçülükdə mövsümü aqronomik qaydalara uyğun olaraq tədbirlər həyata keçirilir. Bu dövrdə üzümlüklərdə budama, sıradan çıxmış dirəklərin və məftillərin dəyişdirilməsi, tarımlanması, seyrəkliyin aradan qaldırılması (çubuqla, tinglə, basma üsulu ilə və s.)  işləri yerinə yetirilir.

Üzümlüklərin bərpası, sort tərkibinin dəyişdirilməsi, seyrəkliyin aradan qaldırılması əsasən calaq üsulu, qələmlə və çubuqla, ting əkməklə,  yetişmiş və ya yaşıl zoğlardan basma ilə, kolla basma ilə (katavlak), havada qolayırma (havada basma), ikitərəfli qidalandırma və s. üsullarla da həyata keçirilir.

Çubuqla çoxaltmada standart çubuqlardan istifadə olunur və bu üsulla çoxaltma qış aylarında və yazın əvvəllərində həyata keçirilir.  Çubuqlar iki məqsədlə tədarük edilir: tinglikdə və  üzümlükdə əkmək üçün (yeni üzüm bağlarının salınması və üzümlüklərin bərpası məqsədilə).

Buğumarası çox da yaxın olmayan, buğumları qabarıq olan və yaxşı inkişaf edən zoğlardan çubuq tədarük olunması məqsədəuyğundur. Tələbatdan və yetişdirilmə yerindən asılı olaraq çubuqlar 0,5 m-dən 1 m-ə qədər (5-10 buğumlu və daha artıq) uzunluqda kəsilir. Tinglikdə əkmək üçün tədarük ediləcək çubuqların uzunluğu 40-50 sm, üzümlükdə əkmək üçün isə 50-70 sm uzunluğunda götürülə bilər. Buğumaraları 8-13 sm, diametri (yuxarıdan) 6-11 mm olmalıdır, özəyin diametri oduncağın diametrinin 1/3-dən çox olmamalıdır.

Tinglə çoxaltma:

Üzüm bağının salınması və bərpası zamanı  öz kökü üstündə bitən və fillokseraya davamlı calaqaltılara calaq edilmiş tinglərdən istifadə edilir. Tinglərin əl ilə çalalara əkilməsi, onun köklərini 15-18 sm uzunluqda saxlamağa imkan verir ki, bu da tənəklərin daha yaxşı inkişaf etməsini və daha tez bara düşməsini təmin edir. Çalanın eni 35-40 sm, dərinliyi isə tingin uzunluğundan 10-15 sm artıq olmalıdır. Qazılmış çalanın dibinə 3-5 kq torpaqla qarışdırılmış çü­rüntü və 100 qram superfosfat, yaxud nitroammofoska  tökülür. Ting düz saxlanılaraq köklər bərabər şəkildə açılır və aşağı yönəldilir. Çalalar yarıya qədər torpaqla doldurulur. Torpaq ayaqla sıxlaşdırılır və sulanır (hər çalaya 8-10 l su tökülür). Torpaq suyu çəkəndən sonra çalalar bütövlüklə quru torpaqla doldurulur. Çalanın üstündə zoğun yuxarı gözcüyünü 3-4 sm örtmək şərtilə təpəcik düzəldilir.

“Basma” ilə çoxaltma:

Ana tənəkdən ayrılmadan müxtəlif üsulla zoğların (çubuqların) gövdəsinin torpağa basdırılan hissəsində kök əmələ gətirilməsinə basma deyilir. Basma termini Respublikamızın müxtəlif zonalarında yerli leksikonla əlaqadar olaraq güdara, əndəlis, lügəndə, zom, basdırma, daldırma, firqəndə və s. kimi də işlədilir.  Basma üsulu ilə çoxaltmadan üzümlüklərdə  seyrəkliyin aradan qaldırılmasında, köhnə bağların yenidən bərpa edilməsində, əkin materialı hazırlanmasında və çətin kök atan sortların artırılmasında istifadə edilir. Üzümçülük təcrübəsində basmanın- adi basma, yaşıl basma, tənəklə basma (katavlak), çin basması növlərindən geniş istifadə edilir. Qış və yazın əvvəllərində adi basmadan geniş istifadə edilir. Kolla basmada ana tənə­yin gücündən asılı ola­raq basma etməkdən ötrü üç-dörd zoğ saxlamaq olar. Burada ana tənəkdən lazım olan yerə qədər (zoğun uzunluğu imkan verərsə), ana  tənəyin kök dabanına qədər 60 sm dərinliyində və 60 sm enində olan bir neçə xəndək qazılır. Xəndəklər cərgədəki yeri boş olan tənəyə qədər və qonşu cərgədə yeri boş olan tənəyə qədər qazıla bilər. Burada da qida qarışığı xəndəyin dibinə töküldükdən sonra tənək ora ehtiyatla uzadılır ki, köklər az qoparılsın. Kolla basmadan üzümlüyün salınmasında buraxılmış ciddi nöqsanların düzəldilməsində istifadə edilir. Üzümlüyün salınmasında suvarma və cərgələrin istiqaməti nəzərə alınmadıqda sonralar bu vəziyyətlə heç vəchlə razılaşmaq olmur, yəni əlavə xərc hesabına olsa da həmin səhvlər düzəldilməlidir.

Havada “basma” calaqla salınmış üzümlüklərdə aparılır. Belə bağlarda da müxtəlif səbəblərdən seyrəklik olur. Burada basma üçün ayrılan zoğ torpaqla yox, havada şpalerin birinci məftili ilə gətirilir və yeri boş olan tənəyin səviyyəsində kəsilir. Həmin səviyyədə basma üçün ayrılan zoğ məftilə bağlanır. Yazda zoğ boyu çıxan yaşıl zoğlar qoparılır, yalnız yeri boş olan tənəyin səviy­yəsində, daha doğrusu axırıncı göz­cük­dən çıxan zoğ saxlanır. Həmin zoğa qulluq edilir, ikinci və yaxud üçün­cü ili köksüz və ştambsız forma­laşmış tənək alınır. Yadda saxlamaq lazımdır ki, belə basmada bir tənəyin kökü iki tənəyi qidalandırır. Buna görə də hər iki tənəkdə yükü nor­madan az saxlamaq lazımdır.

Havada basmada üzümlükdəki boş fəzadan istifadə edilir.

Tənəklərin torpaq altında “başı vurulmaqla” cavanlaşdırılması. Bu üsul, tənəklərin torpaqüstü hissəsi tələf olduqda və ya şaxta ilə güclü zədələn­dikdə, bir cavanlaşdırma üsulu kimi tətbiq edilir. Tənəklər xəstəliyə güclü surətdə tutulduğu hallarda da bu üsuldan istifadə etmək lazım gəlir. Tənəkləri bu üsul ilə kəsib cavanlaşdırmaq üçün yazda tumurcuqların açılmasına az qalmış tənəyin ətrafını 20-25 sm dərinliyində qazıb torpaqdan təmizləyərək 15-18 sm dərinlikdə olan yerindən mişarlayırlar. Tənəyin mişarlanmış səthi bıçaqla hamar kəsilməli və 4-5 sm qalınlığında torpaq layı ilə örtülməlidir. Yay ərzində tənəyin yatmış tumurcuqlarından bir neçə zoğ inkişaf edəcəkdir. Bu zoğlardan 2-3 ədəd ən güclüsünü və tənəkdə ən yaxşı yerləşmiş olanları seçib bunlardan sonralar tənəyin formalaşdırılması üçün istifadə edirlər. Zoğlar böyüdükcə tənəyin ətrafındakı çalacıq torpaqla doldurulur, böyüyən zoğlar isə payacığa bağlanır ki, sınmasınlar. Zoğlar yeni kolların əmələ gəlməsi üçün lazımi uzunluğa çatdığı zaman onların uclarını qırıb bu qollarda bic zoğlar əmələ gətirirlər. Gələn ilin yaz budamasında əsas zoğlar və biclər tənəkləri sürətlə formalaşdırma qaydası ilə kəsilməlidir. Bu tənəklər məhsul da verir. Üçüncü il tənəklər qəti surətdə formalaşdırılmalı və normal məhsul verməlidir.

Vüqar Səlimov

Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru,  aqrar elmlər üzrə elmlər doktoru 

Mövlud Hüseynov

Üzümçülük və Şərabçılıq ETİ-nin aparıcı elmi işçisi