• Ana səhifə
  • Xəbərlər
  • Üzümü təhlükəli “oidium” xəstəliyindən necə qorumalı?-Fermerlərə tövsiyə
Üzümü təhlükəli “oidium” xəstəliyindən necə qorumalı?-Fermerlərə tövsiyə

Üzümün çürüməsinin bir sıra səbəbləri var. Bunlardan ən başlıca səbəb oidium xəstəliyidir. Belə ki, üzüm giləsi xəstəliyə sirayətlənəndə qabıq inkişafdan qalır, gilələr böyümür. Gilənin içərisindəki toxumlar isə normal inkişaf edir. Bu da gilələrin içəridən sıxılıb partlamasına gətirib çıxarır. Nəticədə partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır.

Oidium mildiu xəstəliyi qədər üzümlüklərin təhlükəli xəstəliklərindən biri sayılır. Bu xəstəliyin törədicisi olan Uncinula necator Burill göbələyinin sporları tumurcuğun içərisində qışlayır. Yazda tumurcuqlar açanda göbələk üzümün bütün yerüstü hissələrinə keçir və onları yoluxdurur. Mildiu xəstəliyindən fərqli olaraq oidium üçün rütubət əsas rol oynamır. Oidiumun inkişafı temperatur +5ºC olduqda başlayır və çox yavaş gedir. Temperatur 28-29ºC olduqda xəstəliyin inkişafı intensivləşir, daha yüksək temperaturda ko­nidilər məhv olur. Havanın temperaturu 30-33ºC-dən yuxarı qalxdıqda xəstəliyin inkişafı demək olar ki, dayanır.  Ona görə də quru, isti yayı olan zonalarda, eləcə də Abşeronda bu xəstəlik geniş yayılıb.

Əlamətləri: Yoluxmuş yarpaqların üst hissəsində əvvəlcə açıq rəngli ləkələr, sonra ağ unlu örtük, daha sonra boz kül rəngli ləkələr əmələ gəlir. Sonradan yarpağın aşağı hissəsi, saplaq, zoğlar və gilələr də bu rəngə boyanır.

Oidium xəstəliyinin ləkələri əl ilə silinir və xarakterik balıq iyi verir. Yoluxmuş yarpaqların kənarları içəriyə doğru qıvrılır, səthinin hamarlılığı və parlaqlılığı itir. Ümumiyyətlə, oidiuma yoluxmuş gilələr inkişafdan qalır, tamamilə quruyur. Amma, mildiu xəstəliyinə yoluxmadan fərqli olaraq oidiuma yoluxmuş gilələr tökülmür, ancaq partlayır, toxumların üzəri açılır. Yəqin ki, belə mənzərənin şahidi olmusunuz. Belə partlamış gilələr əlavə boz çürüməyə yoluxa bilir. Bu əlamətləri bilməklə xəstəliyi düzgün təyin edib, ona qarşı mübarizəyə başlamaq olur.

Mübarizə tədbirləri: Oidiuma qarşı mübarizə aparılmasa, məhsulun çox hissəsini, hətta 80%-ni itirmiş olarıq. Hal-hazırda oidium üzüm yetişdirilən bütün respub­lika rayonlarında, xüsusən, quru isti yayı olan zonalarda yayılmışdır. Oidiumun kütləvi inkişaf illərində üzüm məhsulunun 80%-i bu xəstəlikdən məhv olur. Oidiumla mübarizəyə yaşıl zoğlar 25-30 sm olduqda başlamaq lazımdır. Üzümlüklərdə xəstəliyin ilkin əlamətləri göründükdə və ya tumurcuqlar açdıqda kükürdlə və digər müvafiq fungisidlərlə çiləməni başlayıb çiçək­ləməyə qədər davam etdirirlər. Sonrakı çiləmələr hər 10-15 gündən bir davam etdirilir. Gilələrin yetişməsinə 25 gün qalmış çiləməni bitirmək lazımdır. İlin hava şəraitindən və xəstəliyin inkişaf vəziyyətindən asılı olaraq  çiləmə 4-6 dəfə aparıla bilər.

Oidiuma qarşı mübarizədə adətən, kükürd tozu və 1%-li kolloid kükürd tətbiq olunur. Toz kükürd 25-30 kq/ha, kolloid kükürd 10 kq/ha norması ilə istifadə olunur. Kükürdlə tozlamanı səhər vaxtı küləksiz havada aparmaq daha yaxşıdır, hava çox isti olduqda məsləhət görülmür.  Kükürdün toksiki təsir müddəti 8-10 gündür. Ona görə də hər 10 gündən bir növbəti çiləmə aparılır. Kükürdü birbaşa göbə­ləyin üzərinə və ya ondan 1 sm-dən uzaq olmayan məsafəyə səpdikdə səmərə verir. Kükürd təkcə sporları deyil, həm də mitseliləri öldürür. Kükürdlə dərmanlamanın ən optimal hava temperaturu 25-30°C-dir. Temperatur 18°C-dən aşağı olarsa, kükürdün təsiri zəif, 30°C-dən yuxarı olarsa, üzümə mənfi təsir edə bilər.

Dağ rayonlarında oidiuma qarşı mübarizədə 1%-li kolloid kükürddən istifadə etmək yaxşı nəticə verir. Bu rayonlarda kükürd tozundan istifadə üçün lazımi temperatur yoxdur. Oidiuma güclü yoluxmuş üzümlüklərdə birinci çiləməni çiçək­ləməyə qədər 1%-li kolloid kükürdlə aparmaq lazımdır. Kolloid kükürdün səmərəli təsiri üçün havanın temperaturunun yüksək olması tələb olunmur. Çiçəklə­mədən sonra ikinci çiləməni kükürd tozunun 25-30 kq/ha istifadə norması ilə üçüncü və sonrakı  çiləmələri (lazım gələrsə) hər 15 gündən bir aparmaq olar.

Xəstəliyin ilkin əlamətləri göründükdə və ya tumurcuqlar açdıqda kükürdlə çiləməni başlayıb çiçəkləməyə qədər davam etdirmək lazımdır. Birinci çiləməni 1%-li kolloid kükürdlə, çiçəkləmədən sonra ikinci çiləməni toz kükürdlə (25-30 kq/ha), üçüncü və sonraki çiləmələri hər 15 gündən bir (əgər lazım gəlsə) aparmaq olar.

Oidiuma qarşı mübarizədə Tilt (150-200 ml/ha), Kumulus (6 kq/ha), Kabrio-top (4 kq/ha), Tolendo ( 0,3 q/l), Kollis ( 0,4 q/ha) və s. fungisidlər sınaqdan keçirilmişdir və bu funqisidlərin göstərilən dozada istifadəsi məqsədəuyğundur. Yaxşı olar ki, kompleks şəkildə mübarizə tətbiq olunsun. Fermerlərə təklif edirik ki, oidium, mildiu və salxım yarpaqbükəninə qarşı mübarizədə Ridomil 25% (2.5kq/ha)+ Kumulus (6 kq/ha)+ Super takimetrin (250 q/ha) qarışığından istifadə etsinlər.

Oidiuma qarşı mübarizədə aqrotexniki tədbirlərin böyük rolu vardır. Tənəklərin havalandırılmasına fikir vermək lazımdır. Yaşıl əməliyyatlar- artıq zoğların qoparılması, yaşıl zoğların bağlanması, yaşıl zoğların ucunun vurulması (avqust ayında) aparılmalıdır.

Son dövrlərdə iqlim dəyişikliyi ilə əlaqadar olaraq payızda uzun müddət havaların mülayim keçməsi bir çox göbələk xəstəliklərinin inkişafına gətirib çıxarır və budaqlara mənfi təsir edir. Avqust ayında üzümlüklərdə oidiuma qarşı funqisidlə çiləmələr faktiki olaraq dayandırılır. Ona görə də məhsul yığıldıqdan sonra yarpaq və zoğlarda xəstəliyin inkişafı müşahidə olunur. Bu müddət ərzində həm konidiya, həm də cinsi formada infeksiya toplanır. Bu zaman xəstəlik törədicisinin gözcüklərdə və yetişmiş zoğlarda qalın divarlı mitseli şəklində saxlanma və qışlama riski artır. Əvvəllər tədqiqatçılar patogenin inkişafının mümkünlüyünü - “ulduzcuqların” meydana gəlməsini ancaq yaşıl zoğlarda qeyd edirdilər. Oidiumun törədicisinin qışlayan qalın divarlı mitselisinin birillik  zoğların 1-3-cü buğumlarında qışlaması  daha təhlükəlidir. Belə ki, əsasdan uzaqda yerləşən buğumlardakı infeksiyanı budama zamanı kəsib atmaq olur. Aşağıdakı, yəni zoğun əsas hissəsi isə əsasən saxlanılır. Bununla əlaqədar oidiuma qarşı mübarizə sisteminin təkmilləşdirilməsinə, xəstəlik törədicisinin infeksiya ehtiyatının azalmasına yönəldilmiş tədqiqatlar aktual sayılır. Çünki son vaxtlar xəstəliyin vurduğu ziyan çox artmışdır. Bunları əsas tutaraq məhsul yığılıb qurtardıqdan sonra da oidium xəstəliyinə qarşı bir neçə dəfə müvafiq funqisidlərlə çiləmələrin aparılması məqsədəuyğundur.

 

Nicat Nəsirli

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri

Vüqar Səlimov

Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru