• Ana səhifə
  • Xəbərlər
  • Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb
Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində buğdanın “Renan” və “Barok”, arpanın isə “Ramata” növləri becərilir.

Layihə Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən birgə həyata keçirilir. Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin şöbə müdiri İmamhüseyn Şirinov bildirib ki, ötən il 100 hektar sahədə Fransadan gətirilən sortlar əkilib. Həmin taxıl sahələrindən yüksək məhsuldarlıq əldə edildiyindən bu il əkin sahəsi 200 hektara qədər artırılıb. Müəssisə tərəfindən ümumilikdə yerli və xarici sortlar olmaqla 750 hektar sahədə taxıl səpini aparılacaq.

“Bizim müəssisə əsasən elit toxumların becərilməsi üzrə ixtisaslaşıb. Ötən gün Naxçıvan Muxtar Respublikasına 100 ton elit reproduksiyalı toxum göndərdik. Bu il Fransadan gətirilən yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini uğurlu nəticə verib. Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə də hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Bu yüksək nəticədir. Gələn il əkin sahələrimizdən daha çox məhsul toplayacağımıza əminəm”, - deyə İ.Şirinov söyləyib.

Aqronom Əbülfəz Abbasov bildirib ki, gün ərzində 50 hektardan çox sahədə əkin aparılır. “İki gündür səpin aparılır. Səpin zamanı şumaltı mineral gübrələrdən istifadə olunur. Yeni sortların səpin normativləri də yerli sortlardan fərqlənir. Ənənəvi sortlarda bir hektara 200-250 kiloqram buğda səpilirdisə, fransız sortlarında bu göstərici 180 kiloqramdır. Bu da fermerlərə əkin materialına 50-70 kiloqram arası qənaət etməyə imkan verir”, - deyə Ə.Abbasov bildirib.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60-70 sentnerdən yuxarıdır.