• Ana səhifə
  • Xəbərlər
  • Yevlaxda Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri quşçuluqla məşğul olan fermerlərə təlim...
Yevlaxda Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri quşçuluqla məşğul olan fermerlərə təlim keçiblər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Yevlax rayonunda quşçuluq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.

Təlim Aqrar Xidmətlər Agentliyinin Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Əhliman Nəsibov tərəfindən aparılıb. Tədbirdə bildirilib ki, rayon ərazisində cari ilin 7 ayı ərzində 627910 baş quşda (“H” vaksini ilə), 680000 baş cücədə (La-sota vaksini ilə) nyukasl xəstəliyinə qarşı pevəndləmə tədbiri aparılaraq rayonun epizootik sabitliyi qorunub.

Təlimdə fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib. Sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini qeyd edən mütəxəssislər ilin əvvəlindən indiyədək idarə tərəfindən Yevlax rayonu ərazisində quşlarda nyukasl xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparıldığını diqqətə çatdırıblar.

Qeyd edək ki, “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim davam etdirilir.

Təlimdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. 

Təlim iştirakçıları çiçək və nyukasl xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlandırılıb.   

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.