• Ana səhifə
  • Xəbərlər
  • Zaqatala bölgə təcrübə stansiyası qarğıdalı toxumçuluğunun yeganə mərkəzidir
Zaqatala bölgə təcrübə stansiyası qarğıdalı toxumçuluğunun yeganə mərkəzidir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Zaqatala Bölgə Təcrübə Stansiyası (BTS) zəngin elmi-tarixi ənənələrə malikdir. 1924-cü ildə tütün dayaq stansiyasının bazası əsasında yaradılıb, o vaxtdan bütün fəaliyyəti əkinçiliyin inkişafına yönəlib. Burada həyata keçirilən elmi-tədqiqat işlərinin istiqamətləri genetika, bitkilərin fiziologiya, biokimya, mühafizəsi, seleksiya və toxumçuluğun nəzəri əsasları, dənli taxıl və paxlalı bitkilərin keyfiyyətli, məhsuldar yeni sortlarının yaradılması, ilkin toxumçuluğun təşkili və yüksək reproduksiyalı toxum istehsal etməklə istehsala tətbiqi ilə bağlıdır.
Stansiyanın əməkdaşaları dənli və texniki bitkilərin seçmə yolu ilə daha keyfiyyətli sort, hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması və dövlət sort sınağına təqdim edilərək fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işlərini  rayonun Pərzivan, Tasançöl və Danaçı məntəqəsində həyata keçirirlər. Elmi-tədqiqat işlərində stansiyanın “Bitki seleksiyası və toxumçuluğu” və “Əkinçilik və bitki diversifikasiyası” şöbələrinin 23 nəfərlik kollektivi fəal iştirak edir.
Zaqatala BTS-nın elmi təcrübə bazasında hər il 80-100 ton taxıl, 20-30 ton qarğıdalının yüksək reproduksiyalı toxumu istehsal olunur, rayonun dövlət və özəl toxumçuluq təsərrüfatlarına təklif və tövsiyə edilir.
Bu stansiya Azərbaycanda qarğıdalı toxumçuluğunun təşkil olunduğu yeganə elmi bazadır. Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov deyir ki, hər il yetişdirilən yüksək reproduksiyalı toxumlar toxumçuluq təsərrüfatlarına tövsiyə olunur: “Burada qarğıdalının Zaqatala-514, Zaqatala-68, Zaqatala-420, Zaqatala-380, Qürür, Ümid, Fəxri sortları  yaradılıb və rayonlaşdırılıb. Bu mövsüm üçün 22 ton yerli qarğıdalı toxumunu əkinçilərə təklif edirik. Sahibkarlarımız xaricdən hibrid toxumların kiloqramını 10-15 manata alıb gətirirlər, amma biz 1-1,5 manata təklif edirik. Bizim sortlarımız silosluq üçün daha əlverişlidir. Buna görə də fermerlərimizə səpin mövsümi davam etdiyi üçün bizim sortları almağı təklif edirik”.
1557326818_img_0241.jpg 1557326826_img_0274.jpg
Stansiyanın şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Nərgiz Abdullayeva isə bildirib ki, yerli iqlimdə əldə olunmuş toxumlar  keyfiyyət göstəricilərinə görə hibridlərdən daha üstündür:  “Yetişdirdiyimiz toxumlar bütün bölgələrin iqlim şərtlərinə uyğundur, aqrotexniki qaydalara düzgün əməl olunarsa, 120 sentiner məhsul əldə etmək olar. Qarğıdalıdan yüksək nəticələr almaq üçün torpağın münbitləşdirilməsi tədbirləri, suvarma təminatı, xəstəlik və zərərvericilərə qarşı mübarizə, dibdoldurma, cərgəarası becərmə, kultivasiya aparılması vacibdir. Təsərrüfatlarda apardığımız müşahidələrə görə, qarğıdalı əkən fermerlərimiz torpaqların analizini aparmırlar,  bu zaman gübrələr birtərəfli verilir. Adətən, qarğıdalı əkilən sahələrə azot gübrəsi verilir. Lakin fermer bilmir ki, torpağa hansı mikro, makro elementlər lazımdır. Sahələrin becərilmə tədbirləri torpaq analizinin  əsasında aparılmalıdır”.
Stansiyanın sahələrində feneloji müşahidələr aparan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov vurğulayıb ki, yağıntılar kəsildiyi üçün indi qarğıdalı və digər yazlıq bitkilərin əkini üçün optimal vaxtdır: “Qarğıdalı üçün sahə payızda hazırlanmalıdır, dondurma şumu qaldırılmalıdır ki, zərərvericilər, alaqlar inkişaf etməsin. Yazda, səpindən qabaq yenidən sahə becərilməlidir, bu addımla alaq otları tamamilə məhv olur. Yerli toxumlarla hektara səpin norması 20 kiloqramdır, amma silosluq və yaşıl yem üçün əkilirsə, 25-30 kiloqram hesabı ilə səpilməlidir. Qarğıdalı qida maddələrinə qarşı çox tələbkardır, azot, fosfor, kalium tələb edir. Sahəyə səpində və ya kultivasiya vaxtı mineral gübrələr verilməlidir. Qarğıdalı şoran torpaqlara qarşı çox həssasdır, münbit torpaqlarda əkilməlidir”.
Qarğıdalı əkini aparan hər bir fermerə məsləhət almaq üçün stansiyaya müraciət etmək tövsiyə olunur. Çünki, əvvəlcədən hazırlanmış texnoloji təlimata uyğun olaraq fermerlər qarğıdalının becərmə texnologiyasına aid məsləhətlər və metodiki tövsiyələrlə təmin olunacaqlar.

  • A
  • A
  • A