Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib. Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
Nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər. Səfər iştirakçıları Füzuli şəhərində dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkib, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.
Daha sonra Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olublar. Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.
Daha sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir, Ekologiya və Təbii Sərvətlər nazir Muxtar Babayev “Qardaşlıq bağı”nda meyvə tingləri əkiblər. 5 hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilib. Bağda ümumilikdə 2620 ting əkini həyata keçirilib.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını xatırladaraq Türkiyənin işğaldan azad edilən ərazilərdə aqrar sahənin inkişafına dəstək verəcəyini vurğulayıb: “Səfər zamanı aqrar sahənin inkişafı üçün böyük potensialın olduğunu gördük. Bu ərazilərdə əvvəllər bitkiçilik, meyvəçilik, heyvandarlıq sahəsinə önəm verilib. Burada aqrar sahənin bərpası və inkişafı, emal sənayesinin qurulması, enerjinin planlanması ilə bağlı imkanlar var. Qarabağ bölgəsində aqrar sahənin inkişafı ilə bağlı dost və qardaş Azərbaycana dəstək bundan sonra da davam etdiriləcək”.
Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə öz növbəsində işğaldan azad edilən ərazilərin aqrar potensialına toxunub: “İşğaldan azad edilmiş ərazilər ənənəvi olaraq taxılçılıq, bitkiçilik, meyvəçilik və heyvandarlığın inkişafına görə qabaqcıl regionlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 7000 hektardan artıq sahədə əkin aparılıb. Burada yazlıq əkinlərə başlanılması da nəzərdə tutulur”.
Bildirilib ki, Türkiyə aqrar sahədə müasir texnologiyalar tətbiq edən və yüksək nəticələr əldə edən ölkələrdəndir. Azərbaycan kənd təsərrüfatı sahəsində qardaş ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İşğaldan azad edilən ərazilərdə innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılır.
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13 Noyabr 2026
Ağsuda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
12 Noyabr 2026