Qarğıdalı sahəsi üzrə daha bir aqrar sığorta ödənişi edilib

Aqrar Sığorta Fondu təsərrüfatlarını sığorta etmiş fermerlərə müxtəlif hadisələr nəticəsində dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Bu dəfə Balakən rayonunun Qazma kəndində növbəti sığorta ödənişi həyata keçirilib. Tədbirdə Aqrar Sığorta Fondu və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və yerli fermerlər iştirak edib.

Rayon sakini Azər Rəsulova məxsus sığortalı qarğıdalı sahəsində dolu hadisəsi nəticəsində dəyən zərər üzrə Aqrar Sığorta Fondu tərəfindən 89 799 manat sığorta ödənişi həyata keçirilib. Tədbirdə fermer Azər Rəsulov təsərrüfatında baş verən zərər hadisəsi barədə məlumat verərək bildirib ki, öz təsərrüfatını sığortalamaq üçün ümumilikdə 2,5 min manat ödəniş etdiyi halda dolu hadisəsi nəticəsində dəyən zərərə görə təqribən 90 min manat sığorta ödənişi alıb ki, bu da ödənilən sığorta haqqından qat-qat artıqdır. Aqrar sığorta ödənişini dövlətin fermerlərə böyük dəstəyi kimi qiymətləndirən Azər Rəsulov Balakəndəki və digər rayonlardakı fermerləri təsərrüfatlarını sığortalamağa, dövlətin bu dəstəyindən faydalanmağa çağırıb.

Qeyd edək ki, Balakəndəki qarğıdalı sahələri dolu hadisəsindən ciddi zərər görüb və artıq bir sıra fermerlərə aqrar sığorta tərəfindən iri ödənişlər edilib. Qarğıdalı Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş həyata keçirilən bitkilərdəndir. İndiyədək bu əkinlər üzrə 220 min manatdan artıq ödəniş edilib və bu rəqəm artmaqdadır.

Tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2022-ci ildə aqrar sığorta üzrə 2,4 milyon manat zərər ödənişi həyata keçirilibsə, 2023-cü ilin sonunda bu rəqəm 80% artaraq 4,4 milyon manata yüksəlib. 2024-cü ilin I rübündə 1,8 milyon manat sığorta ödənişləri həyata keçirilib.

Xatırladaq ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində fermerlər sığorta haqlarının yalnız yarısını ödəyirlər, qalan 50%-i fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər. Fondun ödənişlərinin sayının və məbləğinin ildən-ilə artması, həm aqrar sığorta sisteminin işləkliyini, həm də fermerlərin bu mexanizmə marağını göstərir.

Fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) öyrənmək olar. Fermerlər “Sığorta kalkulyatoru” (https://asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru) vasitəsilə öz təsərrüfatlarının sığorta haqqını və sığorta təminatını asanlıqla hesablaya bilərlər.