• Ana səhifə
  • Xəbərlər
  • İlin ilk rübündə Aqrar Biznes Festivallarına 23 rayondan 3 minədək fermer qatılıb
İlin ilk rübündə Aqrar Biznes Festivallarına 23 rayondan 3 minədək fermer qatılıb

Təlimlər, kredit yarmarkaları, 22 dövlət qurumu, 95 özəl şirkət, 3102300 manatlıq satış... 

Bu ilin ilk rübündə Salyan, Yevlax, Masallı və Qubada keçirilmiş Aqrar Biznes festivallarında 2663 fermer iştirak edib. Festivallara qatılmış fermerlərin 91 faizi kişi, 9 faizi qadın fermerlərdir.

Festivallar Şirvan-Salyan, Mərkəzi Aran, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edib. Ümumilikdə tədbirlərə 23 rayon və şəhərdən gəlmiş fermerlər qatılıblar.

Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallarda ümumilikdə 22 dövlət qurumu və 95 özəl şirkət təmsil olunub. Tədbirlər çərçivəsində 13 şirkət və fərdi sahibkar tərəfindən 3 102 300 manat həcmində satış həyata keçirilib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner dayışan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib.

Aqrar Biznes Festivallarında fermerlər üçün 10 təlim təşkil olunub. Təlimlərin mövzuları fermerlərin ehtiyacları nəzərə alaraq müəyyənləşdirilib, Aqrar Təlim Mərkəzi, elmi-tədqiqat institutları və özəl şirkətlərin mütəxəssisləri prosesə təlimçi qismində qatılıblar.

Festivallar çərçivəsində ilk dəfə fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Kredit yarmarkalarında 9 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes festivalları aprel ayı ərzində Qazax və Qəbələ rayonlarında keçiriləcək.