Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib

Noyabrın 5-də Bakıda “Birinci Azərbaycan Regional Akvakultura Forumu” keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda balıqçılıq və akvakultura sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri, dövlət dəstəyi mexanizmləri, regional əməkdaşlıq imkanları və su bioresurslarının qorunması məsələləri müzakirə olunub.

Tədbirdə dövlət qurumlarının, FAO-nun, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistandan olan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, sahə ekspertləri və özəl sektorun nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda balıqçılıq və akvakultura sahəsinin inkişafı istiqamətində həyata keçirilən institusional tədbirlər, mövcud potensial və qarşıda duran prioritet vəzifələr barədə məlumat verib. Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılmasının sahənin vahid yanaşma əsasında inkişafında mühüm rolunu qeyd edən nazir balıq ehtiyatlarının qorunması, infrastrukturun müasirləşdirilməsi, müasir texnologiyaların tətbiqi və investisiyaların təşviqinin əhəmiyyətini vurğulayıb.

Bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində akvakultura üzrə illik istehsal həcminin mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması hədəflənir. Bu məqsədə nail olmaq üçün dövlət, özəl sektor və elmi ictimaiyyət arasında əməkdaşlığın, eləcə də regional tərəfdaşlıqların genişləndirilməsi vacibdir. Nazir forumun ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, regionlarda məşğulluğun artırılmasına və Azərbaycanın akvakultura potensialının reallaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, akvakultura və balıqçılıq sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrindən danışıb.  Qanunsuz balıq ovunun qarşısının alınmasının və bu sahədə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Komitə sədri forumun qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və akvakultura sahəsinin inkişafına xidmət edən yeni təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Dövlət Proqramının akvakultura sahəsinin inkişafı, istehsal həcminin artırılması, müasir texnologiyaların tətbiqi və sahənin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətinin sahənin inkişafında mühüm töhfə verdiyini qeyd edən Lətif Qasımov rəqəmsal monitorinq sistemlərinin tətbiqinin, yerli balıq növlərinin və Xəzərin qiymətli su bioresurslarının qorunmasının vacibliyinə diqqət çəkib. O, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının akvakultura klasterlərinin yaradılması üçün əlverişli potensiala malik olduğunu bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsinin müavini Nabil Gangi təşkil olunan foruma görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirərək, akvakulturanın ərzaq təhlükəsizliyinin təmin olunması və kənd yerlərinin inkişafında mühüm rolunu vurğulayıb. İqlim dəyişikliklərinə davamlı yanaşmaların tətbiqinin, müasir texnologiyalardan və məlumatlara əsaslanan idarəetmə sistemlərindən istifadənin vacibliyinə diqqət çəkib. Nabil Gangi FAO-nun Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, qabaqcıl təcrübənin bölüşülməsində və akvakultura sektorunun dayanıqlı inkişafına texniki dəstək göstərilməsində maraqlı olduğunu bildirib.

Sonra forum çərçivəsində balıqçılıq və akvakultura sahəsində fərqlənən təsərrüfat subyektləri təltif edilib, həmçinin sahənin inkişafı istiqamətində görülən işləri və qarşıdakı hədəfləri əks etdirən videoçarx nümayiş olunub.

Forum işini panel müzakirələri ilə davam etdirib. Müzakirələr zamanı “Akvakulturanın inkişafında milli prioritetlər və regional əməkdaşlıq imkanları”, “Xəzərdən təsərrüfata: balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu”, “Akvakulturanın yeni inkişaf mərhələsi: dövlət siyasəti, hüquqi və institusional çərçivə” və “Akvakulturanın inkişafında özəl sektorun rolu” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.