Salyan rayonunda  üzümçü fermerlər üçün tarla seminarı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Salyan Regional Təlim Mərkəzi və Üzümçülük və Şərabçılıq  Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) təşkilatçılığı ilə “Alimlər fermerlərin yanında”  layihəsi çərçivəsində Salyan rayonunda tarla seminarı keçirilib.  

"Üzüm bitkisində budama, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri" mövzusunda keçirilən seminarda üzümçü fermerlər iştirak edib.

Seminarda ÜŞETİ-nin mütəxəssisləri tərəfindən üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Məhsulun yüksək və keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi, budamanın aparılma vaxtı və qaydaları haqqında fermerlərə tövsiyələr verilib. Qeyd edilib ki, quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. Belə ki, qısa budama (kəsmə) zamanı dib gözləri barlı olan üzüm sortlarında zoğlar 1-3 gözə kəsilməlidir. Bu zaman ikiillik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər. Bunlar da tənəyə verilən formadan, tənəyin boy gücündən, torpaq-iqlim şəaitindən asılıdır. Budama (kəsmə) zamanı bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir. Uzun budama (kəsmə) zamanı isə zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər. Bu göstəricilər  konkret olaraq kəsmə növlərin­dən, torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq müəyyən edilir.

 Fermerlər “his” adlandırdıqları zərərverici ilə mübarizədə  çətinlik çəkdiklərini bildiriblər. İnstitutun mütəxəssisləri tərəfindən müəyyənləşdirilib ki, bu əlamətlər çanaqlı yastıca, yaxud unlu bit zərərvericisinin təsirindən meydana gəlir. Bu zərərverici yaşıl zoğların buğum düyünləri üzərinə, salxım saplağına və gilə saplaqlarına koloniya şəklində toplaşaraq “ağ pambıqşəkilli” topalar əmələ gətirir. Onların təsirindən zoğlar  zədələnərək üzərində qonur ləkələr əmələ gəlir və hətta zoğ quruyur. Məhsullu zoğlara, o cümlədən, salxım və gilə saplaqlarına sirayətlənmələri nəticəsində salxımlarda gilələr büzüşüb solur, onlardan hazırlanan şirələr və şərablar yararsız olur. Bu isə salxımda hər hansı bir çürümə xəstəliyini xatırladır. Lakin bunu göbələk xəstəliyi (boz çürümə, ağ çürümə və s.) kimi qəbul etmək mübarizə tədbirlərinin səmərəliliyini tamamilə azaldır. Çanaqlı yastıca nisbi rütubət yüksək olan illərdə, yaşıl zoğları çox sıx olan tənəklərdə daha çox inkişaf edir.

Zərərvericiyə qarşı mübarizə tədbiri olaraq qeyd edilib ki, üzüm tənəkləri budandıqdan sonra çubuqlar sahədən kənarlaşdırılaraq yandırılmalıdır. Qışda tənəklərin gövdəsindəki, çoxillik qollardakı qabıqlar təmizlənərək yandırılmalı, tənəyin çətirini 35%-li mis kuporosu məhlulu və ona 1%-li kükürd turşusu qatmaqla və yaxud 5%-li karbalinumla yuyulmalıdır. Yazın əvvəllərində, tumurcuqlar açılana qədər tənəklərin emulsiyalaşdırılmış yağına (VOLK-92, Hekvidor OİL (10-20 l/ha)), gənə və bitlərə qarşı istifadə edilən insektisidlərdən (Poliqor 2-3 l/ha, Yeni Bİ58 2-3 l/ha, Valsamba 2-3 l/ha, Priban-4 2-3 l/ha, Dinqo (Bİ-58), Megaban-4  2-3 l/h, Prinex 2-3 l/ha, Versal 2-2,5 l/ha  və s.) qarışdırıb çilənməlidir. Vegetasiya dövründə isə yuxarıda göstərilən insektisidləri həmin dozada emulsiyalaşdırılmış yağlara (isti havalarda 1000 litr suya 5-8 litr qatmaqla) qarışdırıb çilənməsi məqsədəmüvafiqdir. Bununla yanaşı vegetasiya dövründə yumurtalardan çıxan zaman kiçik fərdləri məhv etmək üçün tənəklərin 40%-li Roqorun 0,2%-li Fozalonla qarışığından istifadə etməklə çilənməsi məsləhət görülür.

Tədbirin sonunda fermerlərə üzümçülükdə budama, aqrotexniki qulluq işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşura və bukletlər paylanıb.