• Ana səhifə
  • Xəbərlər
  • Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş...
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 12-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı və sığortalanması prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Sarvan Cəfərov Qubanın Zərrabi qəsəbəsində fermer Elşən Həsənova məxsus 15 hektar intensiv bağa baş çəkib, bağda aparılan budama, yaz təsərrüfat hazırlıq işləri ilə tanış olub.

Sarvan Cəfərov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb, biotexnologiya laboratoriyasının fəaliyyəti ilə tanış olub, istixana şəraitində calaqaltı və ting yetişdiriciliyi ilə maraqlanıb.