• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara ba...
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Samux rayonu və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, toxumçuluğun inkişafı ilə bağlı təklif, dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fermer Nəriman Ələkbərova məxsus toxumçuluq təsərrüfatında olan Agentlik sədri əkin sahələrinə və toxum saxlama anbarlarına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

Sonra Sərdar Hacıyev Samux rayonunun Samux şəhəri ərazisində yerləşən fermer Elnarə Quliyevaya məxsus olan iribuynuzlu heyvandarlıq təsərrüfatında olub, heyvanlarda aparılan profilaktik peyvəndlənmə tədbirləri, saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb, süd emalı sexinə baxış keçirib.

Daha sonra Sərdar Hacıyev Samux rayonunun Sərkar kəndində yerləşən intensiv meyvə bağlarında aparılan aqrotexniki işlərlə tanış olub.