Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmində aqrar sığorta ekspertləri üçün nəzərdə tutulan xidmət haqları artırılıb. Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının 2024-cü il 13 mart tarixli qərarı ilə ekspertlərə ödənilən xidmət haqları 7,5% artırılıb. Yeni qərarla ekspertlərin fəaliyyət göstərdiyi bütün istiqamətlərdə - bitkiçilik, heyvandarlıq, akvakultura məhsulları üzrə xidmət haqları yüksəldilib.

Belə ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi zamanı 1 gün ərzində 1 sığorta müqaviləsi üzrə 27 manat, sonrakı hər müqavilə üzrə 13 manat xidmət haqqı nəzərdə tutulub. Əkin sahələri üzrə zərərin qiymətləndirilməsi zamanı isə 1 gün ərzində 1 sığorta hadisəsi üzrə ödəniləcək məbləğ 67,2 manat, sonrakı hər müqavilə üzrə 54 manat nəzərdə tutulub.

Kənd təsərrüfatı heyvanlarının sığortası zamanı riskin qiymətləndirilməsi üzrə baza məbləğləri 21 manat, 60 manat və 115 manata qaldırılıb. Kənd təsərrüfatı heyvanlarının sığortasında zərərin qiymətləndirilməsi üzrə 1 baş heyvana görə ödəniləcək məbləğ 33 manat müəyyən edilib.

Akvakultura məhsullarının (balıqçılıq təsərrüfatlarının) sığortası üzrə məbləğlər isə risk qiymətləndirməsi üzrə 67,2 manat, zərər qiymətləndirməsi üzrə isə 107,5 manata qaldırılıb.

Xatırladaq ki, aqrar sığorta ekspertləri təsərrüfatlara baxış keçirir, sığortalanan təsərrüfatlarda riski qiymətləndirir, zərər baş verdikdə isə dəymiş zərəri hesablayırlar. Bu xidmətlərə görə ekspertlərə xidmət haqqı və yol pulu ödənilir. Xidmət haqları hesabına Azərbaycanda aqrar sığorta ekspertlərinin aylıq gəlirləri 1000-2000 manatdan başlayır.

Aqrar sığorta eksperti olmaq istəyən şəxslər Aqrar Sığorta Fondunda müvafiq təlimləri və Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanı müvəffəqiyyətlə keçməlidir. Hazırda Aqrar Sığorta Fondu aqrar sığorta eksperti olmaq üçün müaciətlərin qəbulunu elan edib. Müvafiq ixtisası olan şəxslər təlimlərə qatılmaq üçün Fondun rəsmi emalinə (info@asf.gov.az) və ya 1651 nömrəsinə müraciət edə bilərlər.