• Ana səhifə
  • Xəbərlər
  • Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara...
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov martın 15-də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, dövlət qulluğuna qəbul qaydaları, dəymiş zərərin ödənilməsi, texnika ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Elçin Zeynalov rayonun Ağabəyli kəndində fermer Çingiz Hüseynovun sahəsinə baxış keçirib, taxıl sahəsində aparılan mövsümi aqrotexniki qulluq tədbirlərinin gedişi ilə maraqlanıb. Nazir müavini həmçinin rayonda pambıq əkininə hazırlıq işləri ilə tanış olub, arata qoyulmuş sahələrə baş çəkib. Elçin Zeynalov Ağabəyli kəndində fəaliyyət göstərən iri heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə də tanış olub.