7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin açılış mərasimi keçirilib

17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və  Marsol Group-un birgə təşkilatçılığı ilə 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir.

Sərgidə inşaat, qida, kənd təsərrüfatı, İKT, təhsil, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.

17 iyun tarixində sərginin açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, sahibkar birliklərinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Sərginin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev çıxış ediblər.

Rəsmilər çıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli istehsalın təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu kimi sərgilər yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, satış bazarlarının genişləndirməsi və “Made in Azerbaijan” brendinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında bildirib ki, ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və yerli istehsalın təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir. Nazir müavini aqrar sektorun ölkə iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, sərgidə aqrar sahədə fəaliyyət göstərən istehsalçıların, emal müəssisələrinin və aqrobiznes nümayəndələrinin iştirakının bu sahənin artan potensialının göstəricisi olduğunu vurğulayıb.

Seymur Səfərli qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin və aqrar sahibkarların bazarlara çıxış imkanlarının genişləndirilməsi, onların rəqabət qabiliyyətinin artırılması və innovativ yanaşmaların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Nazir müavini bildirib ki, bu baxımdan ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes Festivalları yerli istehsalçıların məhsullarını tanıtması, satış imkanlarını artırması və yeni əməkdaşlıqlar qurması üçün mühüm platforma rolunu oynayır. O, həmçinin vurğulayıb ki, subsidiya proqramları, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, kənd təsərrüfatı texnikasının əlçatanlığının artırılması, eləcə də maarifləndirici tədbirlər vasitəsilə aqrar sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilir.

Çıxışlardan sonra sərgi ilə tanışlıq olub, rəsmilər iştirakçı şirkətlərin stendlərinə baxış keçirərək nümayiş etdirilən məhsul və xidmətlərlə yaxından maraqlanıblar.

Qeyd edək ki, sərgi yerli şirkətlərin tanıdılması, yeni biznes əlaqələrinin qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və milli məhsulların təşviqi baxımından mühüm platforma rolunu oynayır. Sərginin növbəti günlərində də müxtəlif təqdimatlar, işgüzar görüşlər və əməkdaşlıq müzakirələrinin keçirilməsi nəzərdə tutulur.