• Ana səhifə
  • Xəbərlər
  • AFAQ layihəsi çərçivəsində Zəngilan rayonunda qadın fermerlərə dəstək göstərilib
AFAQ layihəsi çərçivəsində Zəngilan rayonunda qadın fermerlərə dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.

Layihə çərçivəsində qadın fermerlərlə növbəti görüş Zəngilan rayonunda baş tutub. Dəstək tədbirindən Zəngilan rayonunun Ağalı  kəndindən olan və layihə mərhələlərini uğurla tamamlayan 14 fermer qadın faydalanıb.

Əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən 9 fermer qadının hər birinə təsərrüfatlarının ehtiyacları üzrə 100 toyuq və 3 aylıq yem ehtiyatı verilib, ehtiyac duyulan invertarla təmin edilib.

Bundan əlavə, 5 fermer qadının hər birinə 1200 olmaqla, ümumilikdə 6000 ağac və dekorativ güllərin tingləri verilib. Ağacları yetişdirməkdə əsas məqsəd yeni salınan qəsəbələrin abadlaşdırılması və yaşıllaşdırılmasında istifadə etməkdir.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir.  Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 227 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.