• Ana səhifə
  • Xəbərlər
  • Salyan rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
Salyan rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi Salyan rayonunda keçirilib.

Paneldə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti struktur bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Aqrar Sığorta Fondunun, Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də “Unibank” ASC-nin nümayəndələri iştirak ediblər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov aqrar sahədə dövlət dəstək mexanizmlərinin fermerlər üçün yaratdığı imkanlardan danışıb. O, torpaq və su ehtiyatlarından səmərəli istifadənin, torpaq sahələrinin konsolidasiyasının, müasir yanaşmaların tətbiqinin və fermer təsərrüfatlarının inkişafının vacibliyini vurğulayıb. Həmçinin bu istiqamətdə dövlət qurumları ilə fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, mütəmadi olaraq regionlarda keçirilən panel müzakirələrinin əsas məqsədi fermer və sahibkarların dövlətin mövcud dəstək mexanizmləri barədə məlumatlandırılması, onların maliyyə və digər resurslara çıxış imkanlarının genişləndirilməsidir.

Panel müzakirəsində aqrar sahədə dövlət dəstəyinin mövcud mexanizmləri, fermer və sahibkarların maliyyə resurslarına çıxış imkanları, güzəştli kreditlər, subsidiyalar, aqrar sığorta, torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də kənd təsərrüfatında istehsalın təşkili ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qurumların nümayəndələri təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, fermerlərə və sahibkarlara göstərilən xidmətlər, güzəşt və dəstək mexanizmləri, aqrar sığorta, kreditləşmə, məşğulluq, su ehtiyatlarından səmərəli istifadə və qida təhlükəsizliyi ilə bağlı məlumat veriblər.

Həmçinin, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası, bu çərçivədə Dövlət Proqramında əksini tapan məsələlər, torpaq sahələrinin optimallaşdırılması, torpaq ehtiyatlarından daha səmərəli istifadə ilə bağlı istiqamətlər diqqət mərkəzində olub.

Tədbir çərçivəsində dövlət dəstək mexanizmlərinin tətbiqi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud imkanlar və aqrar sahədə sahibkarlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və Qəbələ və Salyan rayonlarında pilot layihə olaraq tətbiqi nəzərdə tutulub.