• Ana səhifə
  • Xəbərlər
  • Qəhvəyi mərmər bağacığının qarşısının alınması və idarə olunması mövzusunda seminar keçirilib
Qəhvəyi mərmər bağacığının qarşısının alınması və idarə olunması mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Qafqaz regionunda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda seminar keçirilib. Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq qurumlardan dəvət olunmuş yerli və xarici mütəxəssislər iştirak ediblər.

Tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliya arasında kənd təsərrüfatı üçün ciddi təhlükə hesab olunan qəhvəyi mərmər bağacığına qarşı mübarizə sahəsində mövcud elmi biliklərin və praktiki təcrübələrin sistemli şəkildə paylaşılmasını təmin etmək olub. Bununla yanaşı, seminar regional əməkdaşlığın gücləndirilməsi, birgə monitorinq və erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat və praktiki fəaliyyətlər üzrə koordinasiyanın artırılması baxımından mühüm platforma kimi dəyərləndirilib.

AXA sədri Sərdar Hacıyev bildirib ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində 2026-cı ilin qış ehtiyatı dövründə 34 rayonda 20 mindən çox nöqtədə monitorinq aparılıb, 12 rayonda zərərverici aşkarlanaraq mexaniki və kimyəvi mübarizə tədbirləri görülüb. Hazırda zərərverici Balakən, Zaqatala, Qax, Qazax, Ağstafa, Quba, Qusar və Xaçmaz da daxil olmaqla ümumilikdə 11 rayonda qeydə alınıb. Sədrin sözlərinə görə 2025-ci ildə 13121 feromon tələsi quraşdırılıb, bu il isə 20 mindən çox tələnin quraşdırılması planlaşdırılır. Həmçinin cari tədris ili ərzində 12 rayonda 67 ümumtəhsil müəssisəsində maarifləndirici görüşlər keçirilib və tədbirlərdə 6 minə yaxın şagird və müəllim heyəti cəlb olunub.

Seminar çərçivəsində ölkələrdə İnteqrə Olunmuş Zərərvericilərlə Mübarizə (IPM) təcrübələrinin mövcud vəziyyəti və tətbiq effektivliyi, qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsullarının genişləndirilməsi, eləcə də region ölkələri arasında koordinasiyanın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tədbirdə qəhvəyi mərmər bağacığına qarşı Samuray arısının laboratoriya şəraitində çoxaldılması və tətbiqi ilə bağlı Türkiyə təcrübəsi təqdim olunub, bioloji mübarizə metodlarının ekoloji üstünlükləri və gələcək perspektivləri diqqətə çatdırılıb. Bununla yanaşı, Qafqaz regionunda zərərvericinin daha effektiv idarə olunması üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib, monitorinq sistemlərinin təkmilləşdirilməsi, erkən aşkarlama mexanizmlərinin gücləndirilməsi, məlumat mübadiləsinin artırılması və birgə regional fəaliyyət modelinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə həyata keçirilən monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olamaq üçün 22 may 2026-cı il tarixində Zaqatala rayonuna səfər edəcəklər.