16–18 sentyabr tarixlərində İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı – FAST Tərəfdaşlığı Üzvlərinin Görüşü və İdarə Heyətinin iclası keçirilib.
Görüşlərdə FAST Tərəfdaşlığının fəaliyyəti və əldə olunan nəticələr, flaqman proqramların inkişafı, iqlim maliyyəsinin səfərbər edilməsi, innovativ maliyyə həlləri, qadın fermerlərin dəstəklənməsi, COP-dan COP-a əməkdaşlıq və Tərəfdaşlığın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Tədbirin ilk günü FAST Tərəfdaşlığının fəaliyyəti və əldə olunan nəticələr, flaqman proqramlar və iqlim maliyyəsinin səfərbər edilməsi ilə bağlı sessiyalar keçirilib.
Azərbaycanın FAST Tərəfdaşlığı və “Bakı Harmoniya İqlim Təşəbbüsü – Fermerlər üçün” üzrə əlaqələndiricisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova təqdimatla çıxış edib. Təqdimatda Harmoniya təşəbbüsünün FAST çərçivəsində rolu və məqsədləri, Azərbaycanın iqlimədavamlı kənd təsərrüfatı üzrə prioritetləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın iqlim yönümlü yanaşması və kənd təsərrüfatına yeni maliyyə dəstəyi imkanları barədə məlumat verib.
Növbəti gün FAST Tərəfdaşlığının iş planı, maliyyəyə çıxış, siyasət dəstəyi və gələcək fəaliyyət istiqamətləri üzrə tematik müzakirələr keçirilib. Həmçinin 2026-cı il Beynəlxalq Qadın Fermer İli çərçivəsində iqlim maliyyəsi üzrə dəyirmi masa təşkil olunub. Eyni zamanda COP31 və 2027-ci ildə keçiriləcək əsas tədbirlər çərçivəsində FAST Tərəfdaşlığının iştirakı müzakirə edilib.
Leyla Cabbarlı-Mitova Azərbaycanın qadın və gənc fermerlərin dəstəklənməsi, qadınların aqrar sektorda iqtisadi imkanlarının genişləndirilməsi, onların maliyyə və təlim imkanlarına, eləcə də rəqəmsal və innovativ texnologiyalara çıxışının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Görüşlərin üçüncü günü karbon bazarları, innovativ iqlim maliyyəsi, “Loss and Damage” və keyfiyyətli maliyyə üzrə bilik və təcrübə mübadiləsi aparılıb. Həmçinin FAST Tərəfdaşlığının İdarə Heyətinin iclası keçirilib. Azərbaycan həmsədr ölkə qismində İdarə Heyətinin müzakirələrində iştirak edib. Leyla Cabbarlı-Mitova COP-dan COP-a əməkdaşlığın gücləndirilməsi, FAST Tərəfdaşlığının gələcək prioritetləri, eləcə də üzvlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi ilə bağlı çıxış edib. İclas çərçivəsində FAST Tərəfdaşlığının 2030-cu ilədək ambisiyaları və gələcək Üzvlər Görüşlərinin inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.
Qeyd edək ki, FAST Tərəfdaşlığı aqrar-ərzaq sistemlərinin iqlim dəyişmələrinə davamlı və dayanıqlı transformasiyasını sürətləndirmək, kənd təsərrüfatı üçün iqlim maliyyəsinin səfərbər edilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyən çoxtərəfli tərəfdaşlıq platformasıdır.
“Bakı Harmoniya İqlim Təşəbbüsü – Fermerlər üçün” Azərbaycan tərəfindən COP29 Sədrliyi çərçivəsində irəli sürülüb və sonradan FAST Tərəfdaşlığının flaqman proqramlarından biri kimi qəbul edilib. Təşəbbüsün əsas məqsədi iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə qarşı fermerlərin dayanıqlığının gücləndirilməsi, iqlim maliyyəsi və investisiyalar üçün imkanların genişləndirilməsi, iqlimədavamlı kənd təsərrüfatının inkişafının sürətləndirilməsi və qadın və gənc fermerlərin dəstəklənməsidir. Harmoniya eyni zamanda mövcud təşəbbüslər və tərəfdaşlar arasında əməkdaşlığı və koordinasiyanı gücləndirməklə fermerlər üçün praktiki nəticələrin əldə edilməsinə yönəlib.
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
18 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib
18 Sentyabr 2026
Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
18 Sentyabr 2026
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
18 Sentyabr 2026
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
17 Sentyabr 2026