Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il 27 avqust tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Qanunun tətbiqi ilə bağlı müvafiq Fərman da imzalanıb.
Yeni Qanunun qəbul edilməsi Azərbaycanda balıqçılıq sahəsində dövlət nəzarətinin, balıq və digər su bioresurslarının mühafizəsinin, akvakulturanın, balıqartırmanın və sahənin iqtisadi tənzimlənməsinin vahid hüquqi çərçivədə tənzimlənməsi ilə yanaşı, balıqçılığın rəqəmsallaşdırılması, elmi təminatının gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni hüquqi əsaslar yaradıb.
Qanuna əsasən, balıqçılıq sahəsində dövlət nəzarətinin müasir mexanizmlərinin tətbiqi, balıqçı gəmilərinin, balıq ovu alətlərinin və digər balıqçılıq obyektlərinin uçotu və izlənməsi, məsafədən izləmə sistemlərindən istifadə, ovlanmış balıqçılıq obyektlərinin müəyyən edilmiş kvotalara uyğunluğunun yoxlanılması və balıqçılıq məhsullarının mənşəyinə dair məlumatların nəzarətdə saxlanılması nəzərdə tutulur. Həmçinin balıqçılıq subyektləri, akvakultura təsərrüfatları və digər obyektlər barədə məlumatların vahid informasiya sistemində toplanması sahənin rəqəmsal idarə edilməsinə imkan verəcək.
Balıq ovunun həyata keçirilməsi üçün balıqovlama biletinin tətbiqi, ov kvotalarının müəyyən edilməsi və onların balıqçılıq subyektləri arasında bölüşdürülməsi ilə bağlı hüquqi çərçivə müəyyən edilir. Qanunsuz ovun qarşısının alınması məqsədilə qadağan olunmuş ov alətlərindən istifadəyə yol verilmir.
Akvakultura fəaliyyətinin qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilməsi, təsərrüfatlar üçün Biotexnoloji Layihə Sənədinin hazırlanması və ekspertizasının aparılması nəzərdə tutulur. Qeydiyyat şəhadətnaməsinin müəyyən hallarda dayandırılması və pozuntular aradan qaldırıldıqda fəaliyyətin bərpası mexanizmləri də müəyyən edilir.
Qanunla balıqartırma və su bioresurslarının iqlimləşdirilməsi fəaliyyətinin tənzimlənməsi, yeni növlərin su obyektlərinə buraxılmasına nəzarət, invaziv növlərin təbii mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin balıq ehtiyatlarının məskunlaşdığı mühitin mühafizəsinə dair tələblərin gücləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda, balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi, balıqçılığın elmi təminatının maliyyələşdirilməsi və akvakulturanın iqtisadi stimullaşdırılması, habelə akvakultura məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyən edilir. Bu məqsədlə xüsusi Fondun yaradılması, habelə balıq ovu, akvakultura və balıq emalı sahələrində investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi üçün hüquqi baza yaradılır.
Qanunda Xəzər dənizində balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi və mühafizəsi üzrə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi məsələləri də tənzimlənir.
Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb
28 Avqust 2026
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb
28 Avqust 2026
Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu
27 Avqust 2026
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026