• Ana səhifə
  • Xəbərlər
  • Arıçılıq, quşçuluq və heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib
Arıçılıq, quşçuluq və heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib

Astara, Ağstafa, Sabirabad və Qobustan rayonlarında arıçılıq, quşçuluq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri”, “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib. Təlimlər Astara, Ağstafa, Sabirabad və Qobustan rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat və idarə şəraitində aparılıb.

Astara Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən arıçılıqla məşğul olan bir qrup fermerə  rayonun Miki kənd sakini Yaməddin Seyidağa oğlu Hüseynovun 140 baş arı ailəsi mövcud olan təsərrüfatında “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda səyyar formada təlim keçirilib. Təlimdə iştirak edən arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib. Eləcə də təlim zamanı arıçılara Avropa çürüməsi xəstəliyinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.

“Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim Ağstafa Rayon Baytarlıq İdarəsində baş tutub.  Təlimdə iştirak edən  fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib. Eləcə də təlimdə sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, ilin əvvəlindən bəri idarə tərəfindən Ağstafa rayonu ərazisində mövcud olan 468250 baş quşda “H” vaksini, 645104 baş cücədə isə “La-sota” ştammı ilə profilaktik peyvəndləmə aparılıb.

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında keçirilən təlimlər Sabirabad rayonun Qalağayın kəndində baş tutub. Təsərrüfat şəraitində keçirilən təlimdə həm iribuynuzlu heyvanların qan-parazitar, həm də xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumat verilib.

Qobustan rayonunda heyvandarlıqla məşğul olan vətəndaş və fermerlərə “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığı və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib. Eləcə də qeyd olunub ki, heyvanları qarayara və dabaq  xəstəliklərindən qorumağın ən etibarlı yolu vaksinasiyadır. Odur ki, baytar həkimləri peyvəndləmə apardığı zaman işin təşkilində və vaksinasiyanın optimal müddətdə başa çatdırılmasında fermerlərin yaxından köməyi vacibdir.

 

Həmçinin təlimdə iştirak edən fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığı və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.

Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.