• Ana səhifə
  • Xəbərlər
  • Azərbaycanın qiymətli üzüm sortu olan mədrəsənin bərpası və artırılması ilə bağlı elmi işlərə başlan...
Azərbaycanın qiymətli üzüm sortu olan mədrəsənin bərpası və artırılması ilə bağlı elmi işlərə başlanıb

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu  emal müəssisələri ilə əmakdaşlığı genişləndirir. Göygöl şərab zavodunda müəssisənin rəhbərliyi, italiyalı mütəxəssislər Alberto Fagiani, Cristian Dejakumla görüş keçirilərək Azərbaycanın qiymətli üzüm sortu olan mədrəsənin bərpası və artırılması ilə əlaqadar elmi seminar keçirilib. Seminarda institutu Vüqar Səlimov və Rauf  Əsədullayev təmsil edib.

Bildirilib ki, Göygöl şərab zavodu milli brendlərin bərpası məqsədilə mərdrəsə üzüm sortundan 5 hektarda bioloji təmiz üzüm bağı salamaq istəyir. Zavodun  üzüm bağlarında mədrəsə üzüm sortu yetişdirilsə də, sort qarışıqları var və bioloji təmiz əkin materialına ehtiyac var. Sevindirici haldır ki, zavodda yetişdirilən mədrəsə sortu italiyalı mütəxəssislər tərəfindən İtaliyada müvafiq müəssisədə genetik analiz edilmiş və müəyyən  edilmişdir ki, VİVC bazasında yerləşdirilmiş genetik kodla  əldə olunan nəticə üst-üstə düşür. Bu isə mədrəsə sortunun genetik təmizliyinin sübutudur.

Göygöl şərab zavodu, o cümlədən italiyalı  mütəxəssislər Azərbaycanın yetli texniki üzüm sortlarının, xüsusən də mədrəsənin bioloji-genetik təmiz nümunələrinin əldə olunmasında, onların genetik və fitopatoloji  baxımdan təmiz əkin materiallarının əldə olunması məqsədilə birgə əməkdaşlığın davam etdirilməsini təklif ediblər.

Vüqar Səlimov bildirib ki, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə yerli üzüm sortlarının müasir üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli unikal mədrəsə üzüm sortunun bərpa olunması istiqamətində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən elmi-seleksiya işlərinə başlanılıb. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortun müəyyən edilərək, gələcəkdə bioloji-genetik baxımdan təmiz əkin materialı tədarük edilməsi üçün tədqiqatlar həyata keçirilib. İlk olaraq araşdırma və tədqiqat işləri sortun vətənində - Şamaxı rayonunda həyata keçirilib. İnstitutun mütəxəssisləri tərəfindən Şamaxı rayonunda və Abşeronda yerləşən Ampeloqrafik kolleksiya bağında becərilən mədrəsə üzüm sortunun tənəkləri etiketlənmiş və nişanlanmış tənəklərin sayı, hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat-uçot işlərində öz əksini tapmışdır.

Seminarda bildirilib ki, mədrəsə sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə malikdir. Vətəni Şirvan bölgəsidir (Şamaxı rayonu), vaxtilə sortun respublikamızın (ötən əsrin 80-ci illərdə) ümumi üzüm bağlarında əkilib-becərilmə payı 17 %-ə bərabər idi ki, bu da 35 min hektar üzüm bağı demək idi. Vaxtilə respublikanın bütün üzümçülük bölgələrində əkilib-becərilirdi. Becərildiyi bölgənin torpaq-iqlim xüsusiyyətlərindən, ilin hava şəraitindən, becərilmə texnologiyasından asılı olaraq 18-27% arasında şəkərlilik toplayır. Məhsulunun şirə çıxımı yüksəkdir. Bir ton məhsuldan 75-82 dkl şirə alınır. Mədrəsə sortundan “Şirvan”, “Çinar” “Mədrəsə”, “Mədrəsəli”, “Ərabli” kaqoru, “Şamaxı kaqoru”, o cümlədən digər sortlarla (Xindoqnı, Bayan şirə, Rkasiteli Mələyi, Şirvanşahı, Həməşərə, Tavkveri və s.) qarışığından “Tavker-№24”, “Ağsu”, “Şahdağ”, “Azərbaycan portveyni”, “Qarayeri” “Azərbaycan”   adlı yüksək keyfiyyətli, markalı şərablar istehsal olunurdu. Bu şərablar nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də yüksək şöhrətə malik idi.

Hazırda mədrəsə sortunun 10-a yaxın mənfi və müsbət variasiyası var və bunların qarışığı şəklində əkilib becərilir. Bu isə sortun “bioloji çirklənməsinə” gətirib çıxarır. Bunları nəzərə alaraq sortun bioloji və genetik baxımdan təmiz formalarının  seçilib artırılması məqsədilə bu sort institut tərəfindən yaxşılaşdırılma proqramına cəlb edilib. Xarici mütəxəssislərin diqqətinə çatdırılıb ki, institut tərəfindən Azərbaycanın 70 üzüm genotipi, o cümlədən mədrəsə üzüm sortu  ilkin olaraq 24 molekulyar-genetik marker və hər markerdə iki allel olmaq şərtilə identifikasiya olunub. Bu məlimatlar dünyanın üzüm genotipləri üzrə ən böyuk bazası olan VİVC (Vitis- International Variety Catalogue) Vitis üzüm məlumat bazasına yerləşdirilib.