• Ana səhifə
  • Xəbərlər
  • AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ PARİSDƏ BEYNƏLXALQ ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ TƏŞKİLATININ BAŞ DİR...
AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ PARİSDƏ BEYNƏLXALQ ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ TƏŞKİLATININ BAŞ DİREKTORU İLƏ GÖRÜŞÜB

 

“Üzümçülük və şərabçılığın inkişafı əsas məqsədlərimizdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi önəm verir və respublikamızda üzümçülüyün inkişafına dair Dövlət proqramı qəbul olunub”. AZƏRTAC-ın məlumatına görə, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) baş direktoru Jan-Mari Oran ilə görüşdə səsləndirib.

İnam Kərimov qeyd edib ki, ölkəmizdə üzümçülük sektoru yeni inkişaf mərhələsinə daxil olub. Kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər daha da artıb və bu istiqamətdə uğurlar qazanılıb. 2017-ci ildə kənd təsərrüfatının ÜDM-də payı 5,6 faiz olub və ümumi istehsal 4,2 faiz çoxalıb.

Nazir bildirib ki, ötən il ölkəmizdə 1 milyon dekalitr şərab istehsal olunub və onun 375 min dekalitri ixrac edilib. Məhsullar əsasən Rusiya və Çinə ixrac olunub.

İnam Kərimov ölkəmizin OİV ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu söyləyib. Nazirliyin nümayəndələrinin və ekspertlərinin müntəzəm olaraq OİV-in baş assambleyasında, iclaslarında və seminarlarında iştirak etdiyini diqqətə çatdırıb. Nazir OİV ekspertləri ilə sıx əməkdaşlığın və kommunikasiyanın möhkəmləndirilməsi, üzümçülük və şərabçılığın inkişafı istiqamətində ekspertiza dəstəyi, bu sahədə təhsilin müxtəlif pillələri üzrə azərbaycanlı tələbələrin OİV tərəfindən təşkil olunan təcrübə kurslarında, eləcə də ekspertlərin qurumun tədbirlərində iştirakına dəstəyin verilməsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Eyni zamanda, İnam Kərimov OİV-nin növbəti konqresinin ölkəmizdə keçirilməsi və bu konqres çərçivəsində şərab festivalının təşkili ilə bağlı əldə olunmuş birgə razılıqdan danışıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (OİV) arasında əməkdaşlığın möhkəmləndirilməsinə və şərablarımızın dequstasiyası üçün tədbirin təşkilinə göstərdiyi səylərə görə OİV-nin baş direktoruna təşəkkürünü bildirib.

OİV-nin baş direktoru Jan-Mari Oran rəhbərlik etdiyi təşkilatla ölkəmiz arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirib. Azərbaycana ilk səfərindən söz açan baş direktor müstəqilliyimizin ilk illərində üzümçülüyün məhv edilməsindən, Azərbaycan Prezidentinin diqqəti sayəsində bu sahənin yenidən inkişafından xəbərdar olduğunu deyib. Jan-Mari Oran OİV-nin ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

  • A
  • A
  • A