• Ana səhifə
  • Xəbərlər
  • Bakıda “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda beynəlxalq el...
Bakıda “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilir

Bakıda mərhum akademik Yaqub Hacıyevin və professor Nəriman Şirinovun 90 illik yubileylərinə həsr olunmuş “Baytarlıq elminin inkişaf istiqamətlərində innovasiyaların tətbiqi” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfransı keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən alimlər, mütəxəssislər, quşçuluq və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri, menecerləri, sahə və rayon həkimləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova deyib ki, institut baytarlıq sahəsində fundamental və innovativ elmi-tədqiqat işlərinin aparılması, yeni müalicə və profilaktika vasitələrinin axtarılması istiqamətində fəaliyyət göstərir: “Baytarlıq elmində əldə olunmuş yeni nailiyyətlərin təsərrüfatlarda geniş tətbiq edilməsi müvəffəqiyyətlə həyata keçirilir. Bununla yanaşı, institutun perspektiv planında 2025-ci ilə qədər hədəf olaraq qarşıya məqsədlər qoyulub. Baytarlıq sahəsində innovasiyaların tətbiqinə yönəlmiş bu hədəflər qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanaraq respublikamızda baytarlığın inkişafına stimul verəcək”.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.

Nazir İnam Kərimov aqrar sahənin inkişafının və elmi təminatının yaxşılaşdırılması istiqamətində Elmi-Tədqiqat İnstitutlarının fəaliyyətinə toxunub.  Qeyd edib ki, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu uğurlu inkişaf yolu keçərək elmə layiqli töhfələr verib, institutun laboratoriyalarında dünya şöhrətli alimlər yetişib: “Bu gün çox əlamətdar tədbirə - İnstitutun belə görkəmli alimlərindən olan Professor Nəriman Mikayıl oğlu Şirinovun və Akademik Yaqub Hüseyn oğlu Hacıyevin 90 illik yubileylərinə həsr olunmuş konfransa toplaşmışıq. Dünya baytarlıq elminin və təcrübəsinin nailiyyətlərinə yiyələnmiş bu alimlər Baytarlıq Elmi-Tədqiqat İnstitutunda çalışmış, bu sahədə onlarla savadlı mütəxəssislər hazırlamışlar. Görkəmli alimlər kənd təsərrüfatı heyvanları və ev quşlarının xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair strategiya hazırlayaraq baytarlıq təbabəti sahəsinə böyük töhfələr vermişlər. Yüksək maddi-texniki bazaya malik olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu gənc alim və mütəxəssislərin hazırlanması istiqamətində daha səylə çalışmalıdır. Yetişməkdə olan gənc nəsil görkəmli alimlərimizin elmi-tədqiqat işləri ilə yaxından tanış olmalı və bu sahədə yenilikləri öyrənməyə və tətbiq etməyə can atmalıdır”.  

Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli baytarlıqla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərə daim ehtiyacın olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin müxtəlif istiqamətlərdə elmə maraq göstərməsi bu sahələrdə davamlı uğurları təmin edir.   

Daha sonra tədbirdə akademik Yaqub Hacıyevin və professor Nəriman Şirinovun ailə üzvləri çıxış edərək görkəmli elm xadimləri ilə bağlı xatirələrini bölüşüb, elmdə əldə etdikləri uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Dünya Heyvan Sağlamlığı Təşkilatının Baytarlıq qanunvericiliyi üzrə beynəlxalq mütəxəssisi Kazimiras Lukauskas heyvan xəstəliklərinə qarşı mübarizə, heyvanların sağlamlığının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Tədbir kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərinin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib.

Konfrans noyabrın 26-da başa çatacaq.