Kənd Təsərrüfatı naziri İnam Kərimov Goranboyda fermerlərlə görüş keçirib

Goranboy rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.
Mədəniyyət Sarayında keçirilən görüşə 300-dək fermer qatılıb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri də iştirak ediblər.
Fermerlərlə görüşdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Dövlətin qayğı və diqqəti sayəsində rayonda taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq inkişaf etməkdədir. Rayonun əsas probleminin suvarma suyunun çatışmazlığı olduğunu deyən Məhərrəm Quliyev bu məsələnin həlli üçün görülən işlər barədə məlumat verib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüşdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

1558338863__eg06208.jpg 1558338884__eg06288.jpg 1558338900__eg06298.jpg 1558338907__eg06281.jpg 1558338904__eg06264.jpg 1558338943__eg06305.jpg 1558338954__eg06233.jpg
Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Görüş iştirakçılarına mayın 20-də Şəmkir rayonunda keçiriləcək kənd təsərrüfatı texnikasının satış yarmarkası barədə məlumat verilib, fermerlər ölkənin müxtəlif rayonlarında keçiriləcək satış yarmarkalarda aktiv olmağa çağırılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov aprel-may aylarında Saatlı, Sabirabad, Ucar, Qəbələ, Salyan, Neftçala, İsmayıllı, Ağsu rayonlarında fermerlərlə səyyar görüşlər keçirilib. Fermerlərlə səyyar görüşlər davam etdiriləcək.

  • A
  • A
  • A