Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “ağıllı bağ”da Günəş panelləri və örtük sistemi quraşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.
“Ağıllı bağ”da avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq.
Mütəxəssis Emin Məmmədov bildirib ki, artıq bağda 126 ədəd Günəş panelinin quraşdırılması işləri yekunlaşıb. Bu panellər vasitəsilə saatda 30 kilovat elektrik enerjisi əldə olunacaq. Həmin enerji ilə bağın su nasoslarının fəaliyyəti təmin ediləcək. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaqda yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.
“Ağıllı bağ”da hazırda Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.
İnstitutun elmi işçisi Asif Kərimov bildirib ki, qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.
Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək. 15 hektar sahədə salınan meyvə bağına aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.
“Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.
Daha bir yenilik isə ondan ibarətdir ki, “ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.
“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması yanvar ayının sonuna kimi başa çatdırılacaq.
“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
30 May 2023
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023