• Ana səhifə
  • Xəbərlər
  • Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şəraitində nümayiş etdirilib
Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şəraitində nümayiş etdirilib

Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Çiləyicilərdən və gübrəsəpənlərdən istifadənin nümayişi" mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, Şəki rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.

Müşavirədə təchizatçı şirkətlər tərəfindən innovativ texnikalar, innovativ çiləyicilər və gübrəsəpənlərin iş prinsipi, bu texnikaların nizamlanması qaydaları tarla şəraitində nümayiş etdirilib. Bildirilib ki, aqrar sektorda innovasiyaların geniş tətbiqi kənd təsərrüfatının intensiv inkişafına zəmin yaradır. Ölkəmizdə bütün sahələrdə innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Fermerlərimiz dövlət tərəfindən maliyyə dəstəyi alır, o cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artmasına səbəb olur. Eyni zamanda, innovativ texnikaların geniş tətbiqi nəticəsində torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər.

Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən innovativ texnikalar və kənd təsərrüfatı istehsal vasitələrinin satış qaydaları barədə fermerlərin məlumatlandırılması, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, onlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırma işlərinin aparılması, təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasına nail olmaqdır. Tədbir çərçivəsində taxıl əkinlərində üzvi və mineral gübrələrin əhəmiyyəti, zərərvericilərə və alaq otlarına qarşı innovativ texnikalardan istifadə edərək səmərəli mübarizə tədbirlərinin təşkili barədə fermerlərə ətraflı məlumat verilib. Müşavirədə taxılçıqla məşğul olan fermerlərə payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirlərinin sürətləndirilməsi tövsiyə edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb. Bu formatda müşavirələrin respublikanın digər rayonlarında da təşkil edilməsi nəzərdə tutulur.