Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Eyni zamanda, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara ödənilən sığorta ödənişlərinin məbləği də artır.
Aqrar Sığorta Fondu (ASF) tərəfindən 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin 38 rayon və şəhərindəki təsərrüfatlara ümumilikdə 1 milyon 872 min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Fondun məlumatına görə, 254 baş mal-qaranın tələf olması səbəbindən təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat sığorta ödənişi edilib.
Eyni zamanda, müxtəlif bitkilərin əkildiyi 764 hektar əkin sahəsinə zərər dəyməsi səbəbindən fermer və təsərrüfatlara bitkiçilik sığortası üzrə 510 min 153 manat sığorta ödənişi edilib.
2026-cı ilin 9 ayın nəticələri göstərir ki, heyvandarlıq sahəsində sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan sancması və vəhşi heyvanların hücumu nəticəsində baş verib. Zərərlərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə əlaqədardır.
Əkin sahələrinə isə dolu, sel-subasma, qasırğa, fırtına, leysan, şaxtavurma, üçüncü şəxslərin hərəkətləri, yanğın və vəhşi heyvanların hücumu nəticəsində zərər dəyib. Əkin sahələrinə ən çox zərər vuran hadisələr dolu və sel-subasma hadisələri olub.
Bu dövrdə ən çox sığorta ödənişi edilən rayonlar Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı olub. Ağdaş rayonunda 481 min manat, Goranboyda 205 min manat, Ağsu rayonunda 181 min manat, Kürdəmirdə 119 min manat, Saatlıda isə 110 min manat sığorta ödənişi həyata keçirilib.
Bitkiçilik sığortası üzrə 27 rayonda, heyvandarlıq sığortası üzrə isə 21 rayon və şəhərdə ödəniş edilib. Bitkiçilik üzrə ən böyük sığorta ödənişləri Biləsuvar, Ağdam, Ağcabədi, Tovuz və Kürdəmir rayonlarında, heyvandarlıq üzrə ən böyük sığorta ödənişləri Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlı rayonlarında həyata keçirilib.
ASF fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Qeyd edək ki, ASF-nin göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Fondun rəsmi internet səhifəsi (www.asf.gov.az) vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
11 Noyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026