Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlarında piroplazmoz xəstəliyin qarşısını almış olarlar.
Qeyd edək ki, qaramalın piroplazmozu qan parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir.
Azərbaycanda bu xəstəliyə Böyük Qafqazın ətəklərində, Kür qırağının meşə və düzənliklərində, Naxçıvan MR-də, Lənkəran zonasının şərq hissəsində və başqa yerlərdə təsadüf edilir.
Yaz, yay və payız aylarında gənələrin artımı üçün daha əlverişli şərait yarandığından həmin vaxtlarda xəstəliklə ən şiddətli yoluxma qeyd alınır. Gənələrin əsas biotopu şumlanmamış kolluq, meşəlik, bataqlıq və başqa rütubətli yerlər hesab edilir. Respublikamızın dəniz səviyyəsindən 900—1200 m hündür yerlərində bu xəstəliyə təsadüf olunmur.
Piroplazmozu keçirən gənələr, əsasən, qaramalda, az hallarda at və digər heyvanlarda parazitlik edir, qaramalın piroplazmozu, fransaiellozu, anaplazmozu və quşların spiroxetozunun epizootologiyasında əsas rol oynayırlar.
Piroplazmoz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və temperatur 3 gündən 12 günə qədər bu vəziyyətdə qala bilir. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, qısa müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş iş heyvanları yorulur, inəklərin südü azalır. Bəzi hallarda süd sarımtıl rəng alır və dadı acı olur.
Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selik qişalar sarı rəngə boyanır, qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu yüksəlir. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Qan normal qatılığını və rəngini itirib durulaşır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5—6 gün müddətində tələf olur.
Təsərrüfatda xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplamaqla və xüsusi akarisid maddələr işlətməklə məhv edilir. Profilaktika məqsədilə həssas heyvanlar hər 6—7 gündən bir akarisid məhlullarla çimizdirilməli və heyvandarlıq binaları dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin inkişafına mane olur.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zaman heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda piroplazmozun profilaktika və müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə bu zaman mütləq şəkildə sahə baytarlıq məntəqələrinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən piroplazmoza qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
30 May 2023
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023