Çoxillik əkmələr

Limon

  • A
  • A
  • A

Limonun botaniki adı Citrus limon (L.)Burm.-dır. 3-5 m hündürlüyündə kol tipli ağac bitkisi olub, yalnız mədəni halda rast olunur. Güman olunur ki, limon sitronun mutasiya dəyişkənliyindən yaranmışdır. Yarpaqları uzunsov-yumurtavari, açıq-yaşıl rəngli olub, zoğ üzərində tək-tək yerləşir. Yarpaq saplağı gödəkdir. Əksər sortları tikanlıdır. Çiçəkləri iri, ağ rəngli, tək-tək və qruplarla yerləşir. Erkəkcikləri 20-30 ədəd olub dəstə halındadır. Çiçəkləri üçüncü-dördüncü budaqlanmadan sonra əmələ gəlir. Meyvələri sortlardan asılı olaraq 30-40 q-dan 500-600 q-a qədər olur. Adətən oval və ya yumurtavari formalı olub əksər sortlarda meyvələrin ucu əmziklidir. Limon uzunömürlü (100 il və daha çox) bitkidir. Vegetativ artırılmış bitkilər 2-4 yaşından məhsula düşür.

Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, C vitaminləri, fitosidlər və s. limonun qabığı və yarpaqlannda efir yağları mövcuddur.


Limon meyvələri yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətə malikdir. Limon meyvələri tibbdə çox qədimdən istifadə edilmişdir. Meyvələrdən sınqa, nəfəs yollarının xəstəliyi, mədə-bağırsaq xəstəlikləri zamanı, podaqra, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir. Meyvələrin qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif menningit, tif, qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotik kimi istifadə edilir. Limon meyvəsi və şirəsi, susuzluğu aradan götürən xüsusiyyətə malik olduğundan ondan hazırlanmış spirtsiz içkilər, limonad və ya sitro (limonun fransızca adı Citrond-dur) adlanır.

Dünyada limon istehsalının 18,9%-i Hindistanın (2.629.000 ton) payına düşür. Meksika (1.891.000 ton), Argentina (1.113.000 ton), Çin (1.058.000 ton) limon istehsal edən ölkələr sırasındadır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası limon istehsalının 98%-ni təşkil edir. 

Sortları. Limonun 200-ə yaxın sortu vardır ki, bunlardan ölkəmizdə daha geniş yayılanları Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik sortlarıdır.
Xarici səraitə münasibəti. Limon bitkisi temperatura çox həssasdır. Cavan zoğları mənfi -4 …-6°, budaqları -6 …-7°, gövdəsi isə -8…-9 °C-də məhv olur.

İşığa tələbkar bitkidir. Lakin düzünə düşən işıqdan əziyyət çəkir. Ona görə də limon üçün əks olunan işıqlı, yarım kölgəli sahələr daha əlverişlidir. Normal inkişaf üçün rütubətə yüksək tələbkardır. Xüsusən çiçəkləmə və meyvəbağlama fazasında rütubətlə təmin olunmalıdır. Yaxşı su və hava keçirmə qabiliyyətinə malik, qumsal tipli gillicəli münbit torpaqlarda normal boya və məhsuldarlığa malik olur.

Artırılması. Limon toxumla və vegetativ üsullarla çoxaldılır. Toxumla çoxaltma yalnız calaqaltı yetişdirmək və seleksiya məqsədilə istifadə edilir. Əsasən calaq, basma və çiliklə artırılır.

Çiliklərlə çoxaltma. Örtülü şəraitdə becərmək üçün ən yaxşı çoxaltma üsuludur.

Limonun çiliklə çoxaldılması, optimal şərait yaradıldıqda, fevraldan başlayaraq sentyabra qədər aparıla bilər. Ancaq çiliklə çoxaldılmanın ən yaxşı müddəti fevral-mart aylarıdır.

Basmalarla çoxaltma. Limon müxtəlif basma üsulları ilə  şaquli, üfiqi, qövsi, havada və s. üsullarla artırıla bilər. Otaq şəraitində (dibçək üsulu ilə becərmə) limonu ən çox havada basma üsulu ilə çoxaldırlar. Bunun üçün aprel-may aylarında diametri 1-3 sm olan budaqların buğum arasında, yuxarı buğuma yaxın, diametri 0,5-0,6 sm olan nazik həlqə (yalnız qabıq) kəsilib çıxarılır. İki hissədən ibarət olan xüsusi dibçək bu kəsim ortaya düşmək şərtilə budağa birləşdirilib sarınır. Qabın içərisinə çürüntülü torpaq tökülür və suvarılır..

Calaqla artırma. Limon istehsalat şəraitində calaqla artırılır. Calaqaltı kimi ən çox Cır limon (P.trifoliata) istifadə edilir. Örtülü sahədə limonu biqaradiyəyə, raflimona və meyer limonuna da calamaq olar.
Bağın salınması və qulluq. Limon sortlardan, calaqaltının tingindən, becərilmə texnoligiyasından asılı olaraq  müxtəlif qida sahələri ilə əkilir. Sərbəst çətir forması verilmiş, nisbətən güclü boya malik olan sortlar üçün 4x3 m, orta boylu sortlar üçün 2x1,5 m qida sahələri verilir. Dağ yamaclarında sərilən formalar üçün 3x3 m qida sahəsi məsləhət görülür.

Yeni limon bağının salınması üçün 3x4 m sxemi üzrə 9000 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97% təşkil edir.

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb