Çoxillik əkmələr

Nar

  • A
  • A
  • A

 Nar, (Punicaceae Horan.) fəsiləsinə, Punica L. (2/2=16) cinsinə aid olub, iki növü Punica granatum L. və Socotra protopunica Belf. vardır.

Adi nar (P.granatum L), yabanı halda ölkəmizdə rast olunur. Narın bir neçə növmüxtəliflikləri vardır ki, bunlar bəzək məqsədi daşıyır və bəzək bağçıhğmda geniş istifadə edilir.

Nar meyvəsinin 27-52%-ni qabıq, 36-75% şirə, 7-21%-ni toxumlar təşkil edir. Nar şirəsində 76-78% su, 8-20% invert şəkərlər, 4-10% qlükoza, 3%-ə qədər yağlar, 1,5% protein, 0,2-9,0% turşular, 14%-ə qədər C vitamini vardır.

Narın müxtəlif hissələrindən təbabətdə və sənayedə geniş istifadə edilir. Nar şirəsi mədə ağrıları, baş ağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində çox istifadə edilir. Meyvə qabığında, gövdə qabığında, köklərdə olan dabbaq maddələri gönaşılayıcı sənayedə, meyvə qabığı və çiçəklər boyaqçılıqda istifadə edilir.


Nar  müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşan, hazırda Avstraliyadan Cənubi Afrikaya, ABŞ-dan Çinə qədər çox geniş sahələrdə yetişdirilən meyvədir.

Bəzi mənbələrdə İran, Qafqaz və Şimali Hindistan əraziləri narın vətəni hesab edilsə də Anadolu və bütün Aralıq dənizi hövzələrində daha geniş sahələrdə qədimdən nar bitkisinin becərilməsi ilə məşqul olmuşlar.

2010-cu ilin statistik məlumatlarına əsasən dünyada 2.500.000 ton nar istehsal edilmişdir. Dünyada ən çox nar istehsal edən ölkələr Hindistan (45%), İran (28,2%) və Çin(28%)-dir. Türkiyənin Yaxın Şərqi İrandan sonra, Türk Dünyası və qonşu ölkələr içərisində istehsalı və ixracı baxımından ön sıralardadır.

  Aralıq dənizi hövzəsində Tunis, Mərakeş, İsrail illik 30000 ton nar istehsal edən ölkələrdir. Qafqazda Ermənistan, Gürcüstan, Orta Asiyada Tacikistan, Qırğızıstan, cənub yarımkürədə Argentina, Avstraliya, Cənubi Afrika Respublikası və Peru narın istehsalı ilə məşğul olan qabaqcıl ölkələrdir.

Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası nar istehsalının 79%-ni təşkil edir. 

2016-cı ildə Azərbaycanda 1127,5 hektarda yeni nar bağları salınmış  və nar bağlarının ümumi sahəsi 22486 hektar təşkil etmişdir. Hektardan orta məhsuldarlıq 74,0 sentner olmuşdur.

Sortları. Dünyada narın  500 sortu vardır. Ancaq bunlardan az bir qismi (təxminən 60 sort) ticari sortlardır (İPGRİ 2000). Nar istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi baxımdan əhəmiyyətli sortlar Vanderful, Qranada, RubiRed, Futhill, Early (Öli), Spaniş Svit, Balegal, Kloud, Krab, Early Vanderful, Fleşman, Frankis, Qrin Klobe, Home, Kinq və başqalarıdır.

Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin keyfıyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax bölgəsində Çəhrayı gülöyşə, Bala Mürsəl, Lənkəranda Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, Oleq, İri gilə, Quba-Xaçmaz iqtisadi rayonunda Azərbaycan gülöyşəsi, Nazik qabıq, Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri gilə, Dağlıq Şirvan bölgəsində Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri gilə və s. sortlar becərilir.


Xarici səraitə münasibəti Nar quru subtropik iqlim bitkisidir. Vegetasiya dövrünün normal başa çatması üçün yüksək istilik (3500-3800 °C) tələb edir. Quraqlığa davamlı bitkidir. Lakin yaxşı boy və məhsul verməsi üçün nar rütubətə tələb göstərir. Ümumiyyətlə havanın normal istiliyi (22-25°C) və torpağın kifayət dərəcədə rütubətliliyi (75-80% və daha çox) narın bol və keyfiyyətli məhsul verməsinin əsasını təşkil edir. Subtropik meyvə bitkiləri içərisində şaxtaya davamlılığma görə nar, şərq xurmasından sonra ikinci yerdə (-18… -20°) durur.

Torpağa az tələbkardır. Müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə bilər. Nar, şoran, şorakət və çeyilli torpaqlar çıxılmaqla, bütün torpaq tiplərində müvəffəqiyyətlə becərilə bilir. Ən yaxşı torpaqlar isə qalın şum qatlı, münbit, susızdırma qabiliyyəti yaxşı olan gilli və gillicəli torpaqlar sayılır.

Artırılması. Nar bir qayda olaraq odunlaşmış çiliklərlə artırılır. Çiliklər əsasən payızdan tədarük olunur. Bu zaman cavan hissələrin qış şaxtalarından zədə alması qorxusu aradan qalxır.

Bağın salınması və qulluq. Nar bağı üçün səthi hamar və yaxud bir qədər meyilli (7-8° qədər), küləklərdən mühafizəli yaxşı rütubətlənmiş və qalın şum qatlı ərazilər seçilir. Sahə, ümumi aqroqaydalara əsasən hazırlandıqdan və sahəsi 8-12 ha, bəzi iri təsərrüfatlarda 15-25 ha olan sərnələrə bölündükdən sonra tinglər, 5x5 m, 5x4 m, 6x3 m qida sahəsi ilə əkilir. Gövdələrin optimal sayını nizamlamaqla sıx əkinlərin (4x3 m, 4x2 m) tətbiq edilməsi də sınaqdan keçirilir. Əkin dərin plantaj edilmiş sahələrdə şırıma və ya çalaya əkilir.

Nar özübarlı bitkidir. Ona görə də bir sortlu sərnələrin yaradılması, sort aqrotexnika­sının düzgün tətbiq olunması imkanı artırır. Bununla yanaşı məhsuldarlığı yüksəlt­mək üçün hər sərnədə, çarpaz tozlanmanı təmin etmək məqsədilə 5-6% digər sortlardan da əkmək məsləhət görülür. Tinglər payızda və erkən yazda əkilir.

Yeni nar bağının salınması üçün ayrı-ayrı sxemlər üzrə 4000 manatdan 7000 manata qədər vəsait tələb olunur.

Yeni nar bağından orta hesabla 170-180 sentnet məhsul alınarsa, satışdan 3500-4000 manat mənfəət əldə etmək olar. Rentabellik səviyəsi isə 50% təşkil edir.

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb