Suvarma və meliorasiya

Su təchizatının yaxşılaşdırılması

  • A
  • A
  • A

Ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan versə də torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Belə ki, yerüstü su ehtiyatlarının 70 faizi respublika hüdudları xaricində, 30 faizi isə ölkənin öz ərazisində formalaşır. Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir.                 

Qeyri-neft sektorunun inkişafının və iqtisadi şaxələndirmənin aktuallıq kəsb etdiyi yeni şəraitdə dövlətin kənd təsərrüfatından gözləntiləri də artmaqdadır.

Bu məqsədlə dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, bitkiçiliyin ənənəvi sahələrinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Ölkə üzrə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması bilavasitə su təminatının yaxşılaşdırılması faktlarından asılıdır. Belə ki, qlobal iqlim dəyişikləri davamlı olaraq yağıntının azalmasına və su çatışmazlığına səbəb olur ki, bu da ölkədə kənd təsərrüfatı üçün əsaslı problemlər yaradır. Belə ki, son illərdə davam edən kəskin quraqlıq nəticəsində çayların sululuğu azalmış və su anbarlarında kifayət qədər suyun toplanması mümkün olmamışdır.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 23.09.2020-ci il tarixində verdiyi məlumata əsasən ölkə üzrə əsas su anbarlarında 20,8 mlrd m³ ümümi həcmə qarşı  9 mlrd 990 mln m³ su qalmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 590 mln m³ azdır.

Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca böyükdür. Qeyd etmək lazımdır ki, suvarılan torpaqlar, əsasən, respublikanın öz isti iqlimi, az atmosfer yağıntılarının (200-300 mm) və torpaq iqlim şəraitinin mürəkkəbliyi ilə səciyyələnən düzənlik-arid zonasında yerləşdiyindən, bol və keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında digər aqrotexniki tələblərlə yanaşı kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmalarının vaxtında və düzgün aparılması xüsusi əhəmiyyət kəsb edir. Suvarmanın vaxtında aparılması isə hər şeydən əvvəl kollektor-drenaj və suvarma sistemlərinin və onların üzərindəki hidrotexniki qurğuların saz vəziyyətdə saxlanmasından asılıdır. 
Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması  kənd təsərrüfatı bitkilərindən  sabit və yüksək məhsul əldə olunması ilə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması və operativ idarə olunması yolu ilə əldə oluna bilər.

Yeni iqtisadi münasibətlər fonunda, digər sahələrdə olduğu kimi, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlər də dəyişmişdir. Bu münasibətləri yeni iqtisadi şəraitə uyğunlaşdırmaq üçün yeni qanunvericilik  bazası yaradılmış və müvafiq normativ-hüquqi aktların qəbul edilməsi təmin olunmuşdur. İstifadə olunan suvarma sistemlərində suvarma suyunun düzgün paylanmasını aparmaq, eləcədə bitkilərin suya olan tələbatını ödəmək üçün kənd təsərrüfatı bitkilərinin müxtəlif  bölgələr üzrə su tələbatını və suvarma rejimlərini bilmək torpaq istifadəçiləri üçün çox vacibdir. Suvarma suyunun torpağa verilməsi ilə onun fiziki və kimyəvi tərkibi dəyişir, üzvi maddələrin asanlıqla parçalanması prosesi gedir və bununla da torpağın hava, duz və istilik rejimi tənzimlənir.

Suvarma suyunun əkin sahələrinə tələb olunan normadan artıq verilməsi torpaqda  kənd təsərrüfatı bitkilərinin inkişafı üçün  çox ziyanlı qaysaq əmələ gətirir və torpağın su sızdırma qabiliyyəti aşağı düşür. Həm də artıq suvarma suyu torpağın münbit qatını yuyub aparır. Bu proses ən çox böyük maillikli sahələrdə normadan artıq su sərfi ilə suvarmalarda müşahidə olunur. Sahələrə verilən suya ciddi nəzarət etmək, suvarma üsullarını düzgün seçməklə və uyğun aqrotexniki becərmə tədbiri həyata keçirməklə suvarma suyunun torpağa mənfi təsirinin qarşısını almaq olar. Şumlanmış və yumşaldılmış sahələrin suvarılması zamanı dərin qatlara sızılan su lil hissəciklərini yuyaraq şumaltı təbəqəyə aparır. Bu isə müxtəlif dərinliklərdə sıxılmış torpaq təbəqəsi yaradır. Tez-tez və böyük normalarla suvarma aparılanda şum qatı vaxtından qabaq sıxlaşır və bu da bitkilərin inkişafına mənfi təsir göstərir. Buna yol vermək olmaz. Artıq suvarma suyundan istifadə olunması zamanı suyun bir hissəsi torpağın aşağı qatlarına sızaraq qrunt suyunun qalxmasına səbəb olur. Bu isə torpağın bataqlıqlaşmasına, şorlaşmasına gətirib çıxarır və nəticədə əkinə yararlı torpaq sahələrinin azalması baş verir. 

Suvarma suyunun vaxtında və lazımi normalarla verilməsi, növbəli əkin sisteminin düzgün tətbiq edilməsi, gübrələrin verilməsi torpağın münbitliyini yaxşılaşdırır. Su bitki həyatının vacib şərtlərindən biridir və o bitkilərdə gedən bütün fizioloji proseslərdə iştirak edir. Bitkilərin kökləri ilə udulan suyun çox az hissəsini bitki özü mənimsəyir, qalan hissəsi isə bitkinin köklərindən gövdəyə, budaqlara, meyvə orqanlarına, yarpaqlara və oradan da atmosferə buxarlanır. Torpaqda olan qida maddələri su ilə birlikdə bitkinin kökləri vasitəsi ilə gövdəyə və digər orqanlara yayılır. Nəzərə almaq lazımdır ki, torpaqdan kök sisteminə suyun daxil olması mürəkkəb bir prosesdir və bu torpaq şəraitindən asılıdır. Bitkilərdə qısa müddətdə nəmliyin çatışmaması məhsuldarlığı kəskin azaldır, lakin bitkinin aqrotexniki müddətlərdə su ilə təmin olunması yüksək məhsuldarlığı təmin edir. Quraqlıq inkişafda olan cavan orqanlara öz zərərli təsirini göstərir. Nəmlik çatışmaması nəticəsində məhsuldarlığın aşağı düşməsi bitkilər üçün müxtəlif olur. Bitkinin inkişafı və normal boy atması üçün torpaqda suyun sərbəst hərəkəti təmin olunmalıdır. Suyun hərəkətinin zəifləməsi bitkinin ümumi inkişafını zəifləydir və nəticədə məhsuldarlıq aşağı düşür.
Kənd təsərrüfatı bitkiləri inkişaf dövründə müxtəlif mərhələlərdən keçir. İnkişaf mərhələsində onlara lazım olan şərait yaradılmadıqda onlar əvvəlki mərhələdən sonrakı mərhələyə keçə bilmir və bu da məhsuldarlığın kəskin enməsinə səbəb olur. Odur ki, bitkilərin ayrı-ayrı inkişaf mərhələlərində suya olan tələbatını düzgün müəyyən etmək əsas məsələlərdən biridir.

Bitkilər dörd əsas inkişaf fazası keçirir. Bunlar cücərmə, kollanma, çiçəkləmə və toxumun əmələ gəlməsi prosesindən ibarətdir. Kənd təsərrüfatı bitkilərinin suya ən çox tələbat dövrü çiçəkləmə və toxumun əmələ gəlməsi inkişaf fazalarıdır. Bitkilərdən yüksək məhsul əldə olunması üçün suvarılan sahələrdə onların kök sistemi yerləşən torpağın hesabat qatında suvarmadan əvvəl nəmlik yoxlanılmalıdır. Bitkilərin kök sistemlərinin (90-95%-qədəri) yerləşdiyi torpaq qatı aktiv qat hesab olunur. Bu qatın dərinliyi hər bir bitki üçün müxtəlif olur. (payızlıq taxıl üçün 0,8 metr, birillik yoncada 0,6 metr, ikiillik yoncada 1,0 metr, üzümlüklər və meyvə bağlarında 1,0 metr, tərəvəz bitkiləri üçün cücərmə-çiçəkləmə fazasında 0,3 metr, yetişmə dövründə 0,6 metr) Torpağın nəmliyi bitkilərin istifadə etdiyi və yer səthindən buxarlanmaya gedən suyun hesabına azalıb aşağı həddə çatdıqda suvarma aparılır. Suvarma optimal vaxt ərzində aparılmazsa, bitkinin inkişafı tədricən dayanar və məhv ola bilər. Kənd təsərrüfatı bitkilərinin hesabat qatındakı nəmlik qarğıdalı bitkisinin süpürgəbağlama fazasına qədər olan dövrdə 80%, vegetasiyanın sonrakı dövrlərində isə 70%, payızlıq buğdada 70%, tərəvəz bitkilərində-85%, bağlarda və üzümlüklərdə 70%-ə endikdə suvarmalara başlamaq olar. Yəni vegetasiya suvarmalarının başlama vaxtını, normalarını və eləcə də arat suvarma normalarını təyin etmək üçün torpağın hesabat qatında nəmliyi çəki üsulu ilə  müəyyən etmək lazımdır. Hər bir suvarmada suvarma normasının, yəni 1 ha sahəyə bir dəfə veriləcək suyun kubmetr ilə miqdarı və suvarma üsulunun (şırım, zolaq və s.) düzgün müəyyən edilməsi çox vacibdir.

Suvarmada ən yüksək səmərənin əldə olunması  suvarmanın vaxtının düzgün seçilməsindən asılıdır. Suvarmanın dəqiq vaxtı bitkinin inkişafı prosesində müəyyən olunur, onların vəziyyəti, suya tələbatı və su ilə təmin olunma şəraiti nəzərə alınır. Bitkilərin suya olan tələbatını onların ümumu görünüşü ilə də təyin etmək mümkündür. Belə ki, torpaqda nəmlik çatışmadıqda bitkinin rəngində qaralma, yarpaqlarında büzüşüb saralma, normal turqor vəziyyətinin itirilməsi müşahidə olunur. Topağın suvarma şəraitində becərilməsi, yəni torpağın yumşaldılması, gübrələrin verilməsi, alaq otlarının və ziyanvericilərin məhv edilməsi, torpağın qaysağının dağıdılması və s. bitkilərin inkişafına və məhsuldarlığının artmasına müsbət təsir göstərir.

Əkin qabağı sahələrdə cari hamarlama, torpağın suvarmaya hazırlanması, dondurma şumu və səpin qabağı becərmə, bitkinin vegetasiya dövründə torpağa qulluq etmək və s. kimi işlərin yerinə yetirilməsi də vacib hesab olunur. Hamarlama suvarılan sahədə suyun bərabər paylanması üçün lazımdır. Bu yalnız torpağın müntəzəm nəmlədirilməsi üçün deyil, həm də artıq suvarma normasının zərərli nəticələrini aradan qaldırmaq üçün çökək yerlərin artıq nəmlənməsinin, torpaqda su səviyyəsinin qalxmasının, şorlaşmanın, bataqlıqlaşmanın və eroziyanın inkişafının və s. qarşısını almaq üçün vacibdir. Hamarlama suvarmanın aparılmasını yüngülləşdirir, əmək məhsuldarlığını artırır, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi şəraitini yaxşılaşdırır.
Fermer təsərrüfatlarında suvarma işləri digər aqrotexniki becərmə işləri ilə düzgün əlaqələndirilməlidir. Belə ki, suvarmadan 2-3 sutka sonra cərgələrarası becərmələrə başlanılmalıdır. Bütün aparılan tədbirlər səmərəli olmaqla bir-birinə maneəçilik etməməlidir. Fermerlər bilməlidirlər ki, hər bir suvarmadan sonra becərmə işləri 5 gün gecikdirilərsə, verilmiş suyun 60%-ə qədəri buxarlanma itkisinə sərf olunur. Ona görə də becərmənin ləngidilməsi məhsuldarlığa mənfi təsir göstərir. Müəyyən edilmişdir ki, suvarmadan sonra torpağın nəzərdə tutulan vaxtdan iki gün gec yumuşaldılması kənd təsərrüfatı bitkilərinin  məhsuldarlığını 14%, beş-altı gün gecikməsi isə 30% aşağı salır. Hər bir torpaq istifadəçisi bilməlidir ki, su qıtlığı şəraitində suvarma suyundan nə cür səmərəli istifadə edilməlidir, yəni onlar ən çox su qıtlığından deyil, onun səmərəli istifadəsi barədə düşünməlidirlər.

Vaxtilə BMT-nin keçmiş baş katibi Butros Qali belə bir fikir söyləmişdir ki, yer üzərində ərzaq problemi öz həllini o vaxt tapacaqdır ki, ildən-ilə suvarılan torpaq sahəsi 0,5% artırılmış olsun. Beləliklə də ictimaiyyətin artım tempi və tərəqqisi su resurslarının inkişafı və ondan səmərəli istifadə edilməsindən çox asılı olacaqdır. Suvarılan torpaqlarda, adətən surətlə inkişaf edən, bir çox xəstəlik və ziyanvericiləri ilə ortaq olan alaq otlarına qarşı mütəmadi olaraq mübarizə aparılmalıdır. Həmçinin, suvarma arxlarının, şırımlarının kənarlarında gur inkişaf edən alaq otları toxum əmələ gətirənə qədər biçilərək yem məqsədilə sahədən kənarlaşdırmaq lazımdır. Sübut olunmuşdur ki, əkin sahəsinin 1kv.m orta hesabla 100-200 ədəd alaq otlarının mövcud olması, torpaqdan 60-140 kq azotun, 20-30 kq fosforun, 100-140 kq kalium qida maddələrinin alaq otları tərəfindən mənimsənilməsinə şərait yaranır ki, bu da payızlıq buğdanın hər hektarından 3-4 ton məhsul əldə olunması üçün kifayətdir. 

Taxıl sahələrinin biçilməsindən sonra yerdə qalan küləş kütləsinin yem üçün deyil, xırdalanaraq torpağa verilməsi və sonradan torpağın bərkidilməsinin qarşısının alınması üçün biçindən dərhal sonra sahənin şumlanması aqrotexniki baxından çox vacibdir. İlbəil bu tədbirin həyata keçirilməsi torpaqda humus, qida maddəsinin artmasına, torpağın aqrofiziki, bioloji xassələrinin yaxşılaşmasına, su tutumunun artmasına və münbitliyin bərpasına şərait yaradacaqdır. Elmi cəhətdən təsdiq olunmuşdur ki, 1 ton küləşin torpaqda paylanması nəticəsində 150 kq humus əmələ gəlir.
Qeyd etmək lazımdır ki, taxıl biçinindən sonra  yanlış olaraq bəzi hallarda sahələr yandırılır. Sübut olunmuşdur ki, küləş kütləsi 1kv.m sahədə 30-40 saniyə ərzində yanır. Bu zaman torpağın səthində temperatur 360°C, 5 sm onun dərinliyində isə 50°C-dən yuxarı olur. Humusun yanaraq məhv olması belə şəraitdə 0-5 sm-də qeydə alınmışdır. Tədqiqatlarla müəyyən olunmuşdur ki, küləşin bu cür yandırılması nəticəsində torpağın su-fiziki xassələri pozulur, onun bioloji aktivliyi xeyli aşağı düşür, bioloji müxtəlifliyə və torpağın münbitliyinə xeyli ziyan dəyir. Yadda saxlamaq lazımdır ki, üzvi gübrə kimi küləşin torpağa verilməsi zamanı hər hektar sahəyə 10-12 kq azot gübrəsinin verilməsi bu tədbirin səmərəsini artırır. Lakin bütün bunlara baxmayaraq qlobal istiləşmə nəticəsində havaların quraq keçməsi və su çatışmazlığı, torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olması, ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının istismarında, saxlanmasında, xüsusuilə enerji xərclərinin ödənilməsində çətinliklərin yaranması və digər obyektiv və subyektiv səbəblərdən bəzi torpaq istifadəçiləri vaxtında suvarma suyu ilə təmin olunmamış və nəticə etibarı ilə məhsul  istehsalının həcmi azalmışdır. Suvarmada yaranmış çətinliklərlə əlaqədar müraciətlərin təhlili göstərir ki, 2020-ci ilin 9 ayı üzrə daxil olmuş şikayətlər ən çox Sabirabad, Biləsuvar, Ağcabədi, Bərdə, Saatlı, Beyləqan, İmişli, Ucar, Yevlax, Neftçala, Fizuli, Goranboy və Kürdəmir rayonlarından olmuşdur.

Ötən illrdə baş vermiş çətinliklərin təkrar olmasının qarşısının alınması məqsədilə aidiyyəti üzrə səlahiyyətli təşkilatlar tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməli, qarşıdan gələn suvarma mövsümünə ciddi və hərtərəfli hazırlıq işləri aparılmalıdır.

Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, kənd təsərrüfatı bitkilərindən bol və keyfiyyətli məhsul əldə etmək, onların suya olan tələbatını müəyyən etmək üçün fermerlər torpağın nəmliyini, bitkilərin  və meliorasiya-irriqasiya sistemlərinin və becərilən torpaq sahəsinin meliorativ vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlamalı və kompleks aqrotexniki becərmə tədbirlərini bu proseslə uzlaşdırmalıdırlar.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sözügedən məsələlər onun diqqət mərkəzində olmuşdur. Eyni zamanda 1993-cü ildə H.Əliyevin Azərbaycan Respublikasına yenidən hakimiyyətə gəlişi ilə müstəqil ölkəmizdə meliorasiya və su təsərrüfatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə bu sahədə gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi, müasir dövrün tələblərinə uyğun olaraq aqrar-torpaq islahatlarının aparılması geniş vüsət aldı. Meliorasiya və su təsərrüfatı obyektlərində yenidənqurma, bərpa və yeni obyektlərin tikintisi işlərinə başlanıldı.
Ümummilli liderin ölkənin meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki siyasəti, tövsiyələri və ideyaları onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu il 25 mayda Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu il 29 apreldə Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 2011-ci il 15 avqustda Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimində iştirak etməsi, 2013-cü il 19 iyulda Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, 2013-cü ilin sentyabr ayının 28-də Taxtakörpü Su Anbarının (su elektrik stansiyası ilə birikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi, 2014-cü il noyabrın 15-də su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimlərində iştirak etməsi və vaxtaşırı ölkədə icra olunan meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisinin gedişini diqqət mərkəzində saxlaması,habelə bu sahədə digər müvafiq və məqsədyönlü tədbirlərin bu gün də davam etdirilməsi bunun əyani sübutudur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin, habelə Azərbaycan Respublikası Prezidentinin  “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə  qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində su təminatı sahəsində vəziyyətin yaxşılaşdırılması, baş verə biləcək neqativ hallarının qarşısının alınması mümkündür.

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb