Tərəvəzçilik

Kartof

  • A
  • A
  • A

Kartof badımcançiçəklilər fəsiləsinin solanum cinsindən çoxillik ot bitkisidir. Mədəni halda 2 növü: And kartofu (S.andigenum) və Çili kartofu (S.tuberosum) vardır. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər vardır. Kartof, nişasta, spirt, kartof unu, çips sənayesində xammal və heyvanlar üçün yem kimi işlədilir. Xalq təbabətində kartofun şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının müalicəsində də istifadə edilir.


Bioloji xüsusiyyətləri.

Kartof yumrusu bir növ gövdənin qısaldılmış və yoğunlaşmış forması sayılır. Kartof bitkisi 4-5, bəzən 6-8 gövdədən ibarət olur. Cücərmiş tumurcuqların sayı çox olduqda gövdələrin sayı da çox olur. Hər bir gövdə 3-7 stolon əmələ gətirir. Stolonun uzunluğu həmin kolun yığcam olub-olmamasını xarakterizə edir. Bitkilərin boyu 15-20 sm olduqda gövdələrin yeraltı hissəsində əmələ gələn stolonun ucunda əvvəlcə nöqtə şəkilli çox xırda yumru əmələ gəlir. Bitki inkişaf etdikcə o böyüyür və kartof yumrusunu əmələ gətirir.

Dünyada və Azərbaycanda yayılması, rayonlaşmış və perspektiv sortları, əkin sahəsi və məhsul istehsalı. Kartof 1565-ci ildə cənubi Amerikadan İspaniyaya gətirilmiş oradan digər Avropa ölkələrinə yayılmışdır. Rusiyaya kartofu ilk dəfə 1697-ci ildə I Pyotr Hollandiyadan gətirmişdir. Azərbaycana kartofu 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün olunmuş malakanlar tərəfindən gətirilmişdir. Sovet İttifaqı illərində ən çox kartof əkini 1990-cı ildə- 23,8 min hektar sahədə aparılmış 185,2 min ton məhsul istehsal olunmuşdur.

Müstəqillik əldə olunandan sonra respublikada 1996-cı iladək kartofun əkin sahəsi və istehsalı azalmış, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılmış 1037,3 ton məhsul istehsal edilmişdir.

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının Reyestrində kartofun Radomışlskiy, Nevski, Sevinc, Laymdota, Ukrainskiy rozovıy, Əmiri-600, Filea, Solora, Nora, Aqriya, Laura, Marabel, Mona Liza, Spunta, Arinda, İmpala, Telman sortlarının rayonlaşdırılması göstərilmişdir. Bunlardan yalnız 3-ü Sevinc, Əmiri-600 və Telman sortları yerli sortlardır. Perspektivli sortlardan Zanra, Tatyanka, Vilya, Svitanik, Perla, Zila, Mavka, Belladona, Oqonyok, Neptun, Lileya və s. göstərmək olar.


Respublikada kartof məhsuluna olan tələbata dair məlumat.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2016-cı ildə Azərbaycanda 62,8 min hektar sahədə kartof əkilmiş, 902,5 min ton məhsul istehsal edilmiş, məhsuldarlıq 139,9 sen/ha olmuşdur.

Bu göstəricilər onu göstərir ki, respublikada kartof məhsuluna olan minimum tələbat tam ödənilir.


Yerli sortların xarıcı sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü.
 
Bu üstünlüyü müəyyən etmək üçün yerlı kartof sortlarının toxumları xarıcdən gətirilmiş sortların toxumları kimi sağlanlaşdırılmalıdır ki, (virus, bakterial və digər xəstəliklərdən təmizlənməlidir) yerli sortların potensial imkanı üzə çıxsın və fərqləndirmək mümkün olsun. Tərəvəzçilik İnstitutunda yaradılmış biotexnologiya laboratotiyası tam ışə düşdükdən sonra bu məsələ öz həllini tapacaqdır. Əsas üstünlük yerlı sortların stress faktorların təsirinə xarıcdən gətirilmiş sortlara nisbətən daha davamlı olmasıdır.


Sahənin imkişafına və məhsulun istehsalının artırılmasına dair təkliflər.

1. Kartofun toxumçuluğu üzrə işləmək, xəstəlik və zərərverıcılərlə vaxtında və düzgün mübarizə aparmaq, kartofçuluğun digər sahələrini müasir səviyyədə unkişaf etdirmək məqsədilə yüksək ixtisaslı kartofçu kadrlar hazırlanmalıdır.

2. Keyfiyyətli toxumluq kartof istehsalı problemini həll etmək üçün iki üsul vardır. 1-ci kartofun ilkin toxumçuluğu respublika daxilində təşkil edilməlidir. 2-ci üsulda super-superelit, yaxud superelit, yaxud elit, yaxud 1-ci repreduksiya toxumları xarıcdən gətirilməlidir.

3. Gübrələrin, dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilməlidir.

4. Kartofun bütün əkinlərində səmərəli növbəli əkin sxemlərindən istifadə edilməlidir.

5. Kartofdan bir ildə iki məhsul alınması işi genişləndirilməlidir.


Kartof əkini və əkinlərə qulluq.

Kartof bitkisi üçün ən yaxşı sələf bitkiləri: dənli bitkilər, birillik və çoxillik otlar, paxlalı bitkilər, qarğidalı, şəkər çuğunduru, xiyar, soğan və s. hesab edilir. Kartofun kökləri, stolonları və yumrularının normal inkişafı üçün torpaq  yumşaq, dənəvər və rütubətli olmalıdır. Payızda şum təsərrüfatlardan asılı olaraq sentyabr-oktyabr aylarında 27-30 sm dərinlikdə, şum qatı dayazdırsa, onda şum qatı dərinliyində aparılır. Erkən yazda 15-18sm dərinliyində dayaz şum, diskləmə və malalama işləri aparılır. Toxumluq sahələrdə bitki arası məsafə ərzaq əkinlərinə nisbətən az olmalıdır. Kartofun çıxışının normal alınması üçün toxumluq kartof, əkindən əvvəl cücərdilməlidir. Cücərtilərin maksimum boyu 3-5 mm olmalıdır. Optimal əkin müddəti suvarılan-aran təsərrüfatlarda fevralın 20-dən martın 10-dək, dağətəyi təsərrüfatlarda martın 1-dən 31-dək, dağlıq təsərrüfatlarda aprelin 10-dan 30-dəkdir. Onu da qeyd etmək lazımdır ki, əkin vaxtı 10sm dərinlikdə torpağın temperaturu 70C-dən aşağı olmamalıdır.

Yumruların iriliyindən və əkin sxemindən asılı olaraq bir hektar sahəyə 2,0-3,5 ton toxumluq kartof ışlənir. Sahədə 2-3% çıxış alındıqda alaq otlarına qarşı uyğun herbisidlə çilənmə aparılmalıdır. Bitkilərin boyu 15-20sm olduqda əvvəlcə kultivatorun qazayağı pəncəlı işçi olqan ilə dibyumşaltma, 3-5 gün sonra kultivatorla dibdoldurma əməliyyatı aparılır. Axırıncı dibdoldurma işi iki yanaşı şırımdakı bitkilərin yarpaqları bir-birinə toxunmağa başladıqda aparılır.
Suvarılan sahələrdə kartofa ən çox ziyan vuran virus xəstəlikləri, ziyanvericilərdən məftil qurdu, kolorado böcəyi, kələm sovkası və kartof güvəsidir. Dağlıq sahələrdə isə kartofa ən çox ziyan vuran fitoftora xəstəliyi, ziyanvericilərdən kolorado böcəyidir. Virus xəstəliklərinə qarşı mübarizə tədbiri: virusları yayan mənənələrin uçuş dövründə uyğun dərmanla çilənmə aparılmalıdır. Digər xəstəliklərə qarşı mübarizədə Ridomil, Dikozin, Fundazol, Poliram, zərərvericilərə qarşı isə Ramplan, Mospilan və s. preparatlardan istifadə edilir.

Bir hektar suvarılan sahədə kartof yetışdirilməsinə 3162,0 manat xərc çəkilərsə, bir sentner isrehsal edilmiş kartof məhsulunun maya dəyəri təqribən 31,62 manata başa gələr. Bir hektar dəmyə torpaqda kartof məhsulu yetişdirmək üçün faktiki olaraq 3123,0 manat xərc çəkilirsə, bir sentner kartofun maya dəyəri 31,23 manata başa gələr.  

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb