Tərəvəzçilik

Xiyar

  • A
  • A
  • A

Xiyar dad və müalicə əhəmiyyətinə görə böyük maraq kəsb edən və hal-hazırda geniş yayılmış əsas tərəvəz bitkilərindən biridir. Ləzzətli dad, iyi, qidalılığı və müxtəlif xəstəlikləri sağaldıcı xüsusiyyətləri olan xiyardan həm təzə, həm də şorabaya qoyulmuş halda bütün ilboyu istifadə edilir ki, bu da onun geniş yayılmasına səbəb olmuşdur.

Xiyarın göy meyvələrinin tərkibinin çox hissəsini, yəni 94-97 %-ni su, yalnız 3-6 %-ni quru maddə təşkil edir. Lakin bu azacıq quru maddənin tərkibində çoxlu miqdarda mürəkkəb və qiymətli birləşmələr vardır ki, onlar da insan orqanizmi üçün həddindən artıq lazımlı olan mineral duzlar, üzvi turşular, efir yağları və vitaminlərdən ibarətdir. Xiyarın şirəsi orqanizmdə əmələ gələn bəzi şişlərə yaxşı təsir göstərir, böyrəkdə olan daşları və sidik turşusunda olan birləşmələri əridir.

Bütün bu əhəmiyyətli cəhətlərini nəzərə alaraq xiyar bitkisinin əkin sahələri ildən ilə genişlənərək, 2000-ci ildə 8300 olduğu halda, 2016-cı ildə 12277 hektara çatmışdır.

Bütün təsərrüfat kateqoriyaları üzrə tərəvəz, bostan və kartof bitkilərinin əkin sahəsindən son illərin statistik rəqəmlərinə istinadən 819319,0 ton faktiki məhsul yığılmış, məhsuldarlıq isə 132,9 sen/ha olmuşdur. O cümlədən, xiyar bitkisinin əkin sahəsindən faktiki 186846,5 ton məhsul yığılaraq məhsuldarlıq 149,2 sen/ha olmuşdur.

Xiyar bitkisinin sortları: Respublikamızda xiyarın Konkurent, Feniks 640, Kirovabaqskiy mestnıy, Şedrıy- 118, Parad, Azəri sortları açıq sahədə, Moskva istixana hibridi və Stela isə örtülü sahədə becərilmək üçün rayonlaşdırılmışdır.

Azəri sortu Azərbaycan ET Tərəvəzçilik İnstitutunda mənşəyi müxtəlif regionlar olan Kardio sortu ilə Biryuçekutski-193 sortunun hibridləşdirilməsindən alınmışdır. 1997-ci ildən respublikada rayonlaşdırılmışdır. Müəllifləri- a.e.ü.f.d. B.T.Məmmədzadə və b.e. ü.f.d. N.M.Abbasovdur. Sort ortayetişəndir, gözəl dad keyfiyyətinə malikdir, istər təzə, istərsə də duza qoyulmuş, marinad və konservləşdirilmiş halda istifadəyə yararlıdır.

Xiyarın becərilmə aqrotexnikası: Xiyar bitkisindən yüksək məhsul götürmək üçün kompleks aqrotexniki tədbirlər- torpağın becərilməsi, onun qida maddələri ilə zənginləşdirilməsi (torpağın strukturunun yaxşılaşdırılması su-hava rejiminin nizamlanması, azot, fosfor, kalium gübrələrinin bitkiyə lazım olan formada verilməsi və s.) və səpin materialının səpinə hazırlanması üçün dərmanlanması və s. vaxtında, keyfiyyətlə yerinə yetirilməlidir.

Xiyarın növbəli əkində yeri və sahənin seçilməsi: Xiyar üçün ən yaxşı sələf bitkiləri çoxillik otlar, yonca və s. paxlalı bitkilər, pomidor, tezyetişən kələm, soğan, kartof ola bilər.

Səpin və əkin sahəsinə qulluq: Torpaq qatının 5-8 sm-də torpağın temperaturu 12-150 C olduqda səpin aparmaq olar. Lənkəran-Astara zonasında 1-10/IV-da, 100-120x35-40 sm, Quba-Xaçmaz zonasında uyğun olaraq (27.IV-1.V-də 120-140x40 sm, hər yuvada 1 bitki saxlamaqla, Gəncə-Qazax zonasında 1-20.V və 120-140x70 sm; hər yuvada 2 bitki saxlamaqla, Abşeron zonasında 20-30, IV-da cərgəvi üsulla yetişdirilən zaman (140x35 sm) yuvada 1 bitki saxlamaqla, kvadrat yuva üsulu ilə yetişdirdikdə isə yuvada 2 bitki saxlamaqla 80x80 sm sxemlərində səpməklə yüksək və keyfiyyətli məhsul almaq olar. Xiyar toxumları səpin vaxtı və səpin üsulundan asılı olaraq hər hektara səpin norması 5-6 kq arasında dəyişir.

Çıxış (cücərti) alındıqdan sonra bitkiyə 1-ci sızdırma suyu verilir. Məqsəd alınan cücərtilərin torpaqda möhkəmlənməsini və kök sisteminin torpağa bərkiməsini təmin etməkdən ibarətdir. 2-3 əsas yarpaq əmələ gəldikdən sonra bitkiyə 1-ci yemləmə, bundan 10-15 gün sonra isə 2-ci yemləmə verilir. 3-cü yemləmə isə xiyar bitkisinin kolu tirənin üstünə yatandan sonra verilməlidir. 3-cü yemləmədən qabaq bitkinin boğazı sonuncu dəfə doldurulur və tirəyə yatırdılır.

Sonrakı qulluq işləri cərgə aralarının yumşaldılmasından alaqların təmizlənməsindən, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən və növbəti suvarmalardan ibarətdir.

1 ha xiyar sahəsinin becərilməsi və məhsulun yığımı, çeşidlənməsi, qablaşdırılması və bazara daşınması üçün 3208,9 man. xərc tələb olunur. 1 kq superelit toxumun dəyəri 99,4 man., 1 kq elit toxum- 71, 0 man., birinci reproduksiyanın isə 45,4 manat olacaqdır.

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb