Çoxillik əkmələr

Üzüm

  • A
  • A
  • A

Üzüm giləsi vitaminlərlə (A, B1,B2, B6, PP, C və s.), mineral elementlərlə və mikroelementlərlə də zəngindir.

Üzümün tərkibində olan qlükoza və fruktoza orqanizm tərəfindən asan mənimsənilir və sürətlə maddələr mübadiləsinə daxil olur.
Üzüm özünün qiymətli tərkibinə görə, müalicə vasitəsi kimi qəbul olunur. Bu müalicə növü ampeloterapiya adlanır.

Üzümün saxlanması XIX əsrin sonu, XX əsrin əvvəllərindən geniş yayılmağa başlamışdır. Hal-hazırda üzümün aşağıdakı saxlanma üsulları mövcuddur: kolda, quru və yaşıl daraqda, müxtəlif qablaşdırma materiallarından istifadə etməklə, dondurulmuş halda, parafində, antiseptiklərdən və qamma şüalarından istifadə etməklə, soyuducu kameralarda və nizamlanan qaz mühitində saxlamaqla.
Azərbaycan kəndlisi üzüm məhsulunun saxlanmasına həmişə xüsusi qayğı göstərmişdir. Üzümün yaza qədər saxlanması üçün müxtəlif xalq üsullarından istifadə edilmişdir.

Bunlardan ən geniş yayılanı bandaq üsuludur. Uzunluğu 2-3 m olan ağac pərdiyə qarmaqlı söyüd budaqları bağlanır. Bandaq üçün dərilən salxımlar zoğlu (1,5-2 buğum) olmalıdır. Bəzən kəsilən salxım 1 gün kolun üzərində saxlanılıb, ikinci gün yığılır. Belə olduqda gilələnmə azalır, təmizlənmə işi xeyli asanlaşır. Daha sonra üzüm salxımları bandağın aşağısından başlamaqla asılır. Asılan salxımlar döşəmədən 30-40 sm hündürdə olmalıdır. Bandaqda salxımlar biri digəri ilə yanaşı asılmalıdır. Bir bandağa 50-100 kq-a qədər üzüm yığmaq mümkündür. Xalq təcrübəsinə görə digər bir üsulda üzüm salxımı saplaqdan iti bıçaqla kəsilir və bir giləsi salxım saplağının ucuna, yəni çubuqdan qırılan hissəsinə keçirilir.

Sonra üzüm salxımları qamışdan düzəldilmiş döşəməyə sərilir və həftədə bir dəfə salxımlar çevrilərək zədəli gilələrdən təmizlənir.
Üzümün saxlanmasında növbəti üsul, salxımı zirzəmi şəraitində torpağın üstünə sərərək, üstünü yumşaq torpaqla örtməkdən və yaxud salxımlı zoğu torpağa basdırmaqdan ibarətdir.
Üzümçülüklə məşğul olan əksər rayonlarda salxımları müxtəlif vasitələrlə yaşayış binalarının çardağından, zirzəminin tavanından, eyvandan və s. yerlərdən asırlar.

Uzunluğu 1-2 m. ağırlığı 2-10 kq olan asmalar müxtəlif ölçüdə olur. Lakin bu üsulla saxlanan üzüm təzəliyini tez itirir və gilələr büzülür. Rütubətin azlığından bəzən belə saxlanan üzüm kişmişə çevrilir. Üzüm rəflərdə,tərəcələrdə, qutularda və başqa vasitələrlə sərilmiş vəziyyətdə də saxlanılır. Qablara ağac yonqarı, çiyid qabığı, dəniz otu, qum və s. tökülür. Bu üsulla saxlanan üzüm məhsulu asma üsuluna nisbətən az soluxur, lakin, çürüməsi çoxalır.

Tətbiq edilən digər üsul üzüm salxımını öz yarpağına bükərək, torpağa basdırmaqdır.
Bundan başqa, tənəyin üzərində olan salxımları torbaya salırlar. Bəzən uzun zoğlarda olan salxımları torbaya salıb, zoğları otağa gətirir və bütün qışı saxlayırlar. Bu “milaq” üsulu adlanır.
Digər bir üsulda, söyüd və ya çəkil çubuqlarından hazırlanmış qələmlərə 8-10 salxım asırlar və bu qələmləri çardaqda, talvarda, yaxud anbarda kiçik çiləyə qədər saxlayırlar. Bu üsulla Təbrizi sortunu 6-7 ay saxlamaq mümkündür.

Təbrizi üzüm sortu, yetişdikdən sonra, 2-3 ay tənəyin üzərində saxlana bilər.
Digər mütərəqqi üsullardan biri Fransada işlənib hazırlanmış üsuldur. Bu üsul hələ də İtaliyada, Bolqarıstanda, Rusiyanın cənub vilayətlərində, Ukraynada tətbiq edilir. Bu üsul salxımın həyatiliyini, soyudulma tətbiq edilmədən təmin edir və onu aprel-may aylarına qədər saxlamağa imkan verir. Quru daraqda saxlanmadan fərqli olaraq, bu üsulda itki də az our.

Başqa bir üsulda salxım zoğla birlikdə kəsilərək, qabda suya qoyulur və iylənməmək üçün ona bir qaşıq ağac kömürü əlavə edilir. Su olan qablar xüsusi tərəcələrdə maili vəziyyətdə qoyulur.
Buxarlanmanı azaltmaq üçün qabın ağzı pambıqla örtülür. Bəzi sortlar hətta suda kök əmələ gətirir, salxım kütləsini itirmir. Realizə vaxtına kimi gilələrin turqor vəziyyəti itmir.

Üzümün az miqdarda saxlanması üçün ərinmiş parafindən də istifadə olunur. Bu üsulda salxım ərinmiş parafinə salınır. Istifadədən qabaq parafinli salxım 60-650 C temperatura malik olan isidilmiş suya salınır. Parafin əriyir və salxımdan ayrılır. Sonra isə soyuq su ilə yaxalanır. Parafin üzümün saxlanma müddətini xeyli uzadır.

Bütün bunlardan başqa, Gəncədə, Ordubadda, Abşeronda üzümün kəhrizlərdə də saxlanması məlumdur. Bu üsulun üstünlüyü əlavə xərcin olmaması, məhsulun təravətinin, dad və keyfiyyətinin itməməsidir.
Beləliklə, Azərbaycanın ayrı-ayrı zonalarında xalq təfindən saxlanma sahəsindəki ənənələr üzümçülüyün azərbaycanlıların məişətində mühüm rol oynadığını təsdiq edir.

28.03.2024

Qubada Aqrar Biznes Festivalı keçirilib

28.03.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edib

27.03.2024

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək