Texnika və İnnovasiyalar

Torpaqlardan səmərəli istifadə

  • A
  • A
  • A

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının  əsas elementlərindən biri kimi qiymətləndirilir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında mübarizə getmişdir.

SSRİ-nin dağılması və respublikamızın müstəqilliyə qədəm qoyması ilə siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində keyfiyyət dəyişiklikləri başlandı. Torpaq üzərində vahid dövlət mülkiyyət forması ilə yanaşı, xüsusi və bələdiyyə mülkiyyət hüquqları da qanunvericiliklə təsbit olundu.

Torpaq yerin üst münbit qatı olmaqla aqrar sahənin əsas istehsal vasitəsidir. Ölkəmizin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan versə də, torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir.

Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Torpaqların səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməli kənd təsərrüfatı bitkilərinin fenoloji və bioloji inkişaf xüsusiyyətlərindən asılı olaraq optimal aqrofon yaradılmalıdır. Lakin torpaqdan düzgün istifadə olunmadıqda onun faydalı xassələri tədricən itərək məhsul yetişdirilməsi üçün yararsız hala düşür. Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat yalnız məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və s. çatışmazlıqlara gətirib çıxarır.

Hazırda ölkə üzrə aqrar islahat başa çatmış və torpaq mülkiyyətçiləri müəyyən olunmuşdur. Yəni, torpaq özəlləşmiş, torpağın sahibi var, lakin torpağa münasibət, onun yaxşılaşdırılması, münbitliyinin mühafizəsi, artırılması və səmərəli istifadə edilməsi sahəsində bir sıra tədbirlərin görülməsinə ehtiyac vardır.

Belə ki, torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olması, köhnəlmiş və müasir tələblərə cavab verməyən meliorasiya-irriqasiya sistemləri, su çatışmazlığı, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, istehsal olunan məhsulların satışındakı çətinliklər, bəzi hallarda əkin sahələrinin yaşayış məntəqəsindən uzaqda yerləşməsi, əkin sahələrindən qanunsuz istifadə halları, torpaqların şoranlaşması, şorakətləşməsi və eroziyaya məruz qalması və digər səbəblərdən torpaqların səmərəli istifadəsi çətinləşir, üstəlik bəzi hallarda fermerlər məhsuldarlığın artırılmasında böyük rolu olan səmərəli aqrotexniki tədbirlərin elmi və iqtisadi əhəmiyyətini bilmədən onları ixtisara salır və bu problemləri daha da çətinləşdirirlər. Bununla yanaşı, torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti,  torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır.
Mütəxəssislərin qənaətinə görə, torpaqların tənəzzülə uğraması, əsasən, mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır.

Torpaq istifadəçilərinin, kəndli (fermer) təsərrüfatlarının diqqətinə çatdıraq ki, deqradasiyanın  aşağıdakı növləri vardır:

  • Fiziki (torpağın hidrofiziki xassələrinin pozulması, torpaq qatının dağılması);
  • Kimyəvi (torpaqların kimyəvi xassələrinin pozulması, qida maddələri ehtiyatının tükənməsi, təkrar şorlaşma, toksiki maddələrlə çirklənmə);
  • Bioloji (canlı orqanizmlərin növ tərkibinin azalması, torpağın mikroflora və mikrofaunası arasındakı balansın pozulması).

Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya uğramasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki tədbirlərin düzgün təşkil olunmaması torpaqların yamaclarda və digər meylli ərazilərdə becərilməsi, kortəbii meşə materiallarının istehsalı və otlaqların normadan artıq yüklənməsi nəticəsində müxtəlif deqradasiya proseslərinin inkişafına zəmin yaranır. Səthi su axınlarının baş verməsi, eləcə də küləyin təsiri torpaqların mexaniki surətdə dağılmasına, eroziya prosesinin inkişafına şərait yaradır.

Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə, ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış (o cümlədən 220537 ha çox şiddətli),  1339,0 min hektarı ( o cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşmişdir. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi sahəsində ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımı səmərə vermədiyini nəzərə alaraq,  birinci növbədə bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. 

Səhralaşmanın əsas səbəblərini otlaq sahələrində mal-qaranın və davarların normadan artıq saxlanılması və otarma qaydalarına düzgün əməl edilməməsi şumun və suvarmanın düzgün aparılmaması, bitki örtüyünün məhv edilməsi, ağır və iriqabaritli texnikanın dağıdıcı təsiri, torpağın, havanın, suyun sənayenin təsiri nəticəsində çirklənməsi ilə izah etmək olar. Mal-qara ilə otlaqların həddindən artıq yüklənməsi nəticəsində hər hektar sahəyə orta hesabla 25 baş mal-qara çıxarılması səhralaşmanın dərəcəsini xeyli artırır. Ölkə üzrə 1101,7 min ha qış otlağı (30,6 min ha işğalda), 547,5 min ha yay otlağı (184,8 min ha işğalda),1474,3 min ha örüş (213,7 min ha işğalda) sahəsinin olması və bu nisbətə görə 01.01.2019-cu il vəziyyətinə 2658,8 min baş iribuynuzlu, 8304,1 min baş xırdabuynuzlu heyvanların movcudluğu otlaq sahələrinin normadan 4-5 dəfə artıq yükləndiyini göstərir. Hazırda beynəlxalq aləm torpaqların münbitliyinin  ərzaq təhlükəsizliyi məsələsi ilə birbaşa əlaqədar olduğunu nəzərə alaraq münbitliyin qorunub saxlanması sahəsində  bütün səylərini birləşdirmiş, mühüm addımlar atmağa başlamışlar. Bu baxımdan, ölkənin aqrar sahəsinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarında, müvafiq qanunvericilik aktlarında torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuşdur. Torpaqların münbitliyinin bərpası məqsədilə torpaqların konsolidasiyası, iri fermer təsərrüfatlarının yaradılması və təsərrüfatlarda müasir becərmə texnika və texnologiyaların tətbiqi, gübrə, pestisid və kənd təsərrüfatı  texnikaları ilə təminat yaxşılaşdırılmışdır. Bu tədbirlərdən biri də elektron kənd təsərrüfatının strukturunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəqiq uçotunun aparılması, onlardan səmərəli istifadə olunması və mühafizəsinin  təşkili kimi vacib məsələləri əks etdirən elektron xəritə materialları əsasında torpaqların vahid məlumat bazasının yaradılmasıdır. Məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirləri çərcivəsində aqrar sahədə istehsal potensialının və rəqabətliliyin möhkəmləndirilməsi üçün zəruri təhlillərin aparılması nəticəsində optimal qərarların qəbul olunmasına imkan yaratmaqdır. Torpaqların mühafizəsi və münbitliyinin bərpası üçün həmin sahələrə tələbata uyğun üzvi və mineral gübrələr verilməli, həmin torpaqlarda təsərrüfatdaxili meliorasiya-irriqasiya sistemləri  təmir-bərpa olunaraq saz vəziyyətə gətirilməlidir. Eyni zamanda, suvarılan sahələr yaxşıca hamarlanmalı, bitkinin növündən asılı olaraq şırım və ox arxları çəkilməlidir. Kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı nəzərə alınmaqla suvarma qrafiki tərtib olunmalıdır ki, sahəyə normadan artıq su verilməsin. 

Torpaq sahələrinin yuyulması başa çatdıqdan sonra buxarlanmanın qarşısının alınması üçün dərhal müvafiq becərmə işlərinə başlanmalıdır. Drenləri, təsərrüfat və sahə kanallarını müntəzəm olaraq təmizləməli və drenlərdə su durğunluğuna yol verilməməlidir. Yuma, arat və suvarmanın başlanma, qurtarma vaxtına və suvarma normasına düzgün əməl edilməli, suyun nəzarətsiz axmasına yol verilməməli və növbəli iş üsulu yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində su itkisinin və təkrar şorlaşmanın qarşısı alınmaqla torpaqların münbitliyinin yaxşılaşması və səmərəli istifadəsi üçün əlverişli şərait yaranacaqdır.

Davarların otarılmasında mövcud normalara və qaydalara ciddi əməl olunmalıdır. Qışlaqlara olan tələbat hesablanarkən torpaq qanunvericiliyinə uyğun olaraq bitki örtüyündən, keyfiyyətindən, tutumundan, torpaqların mexaniki tərkibindən və humusun qalınlığından asılı olaraq hər hektara 1-4 baş, yay otlaqlarına isə bundan 2 dəfə çox davar otarılması nəzərdə tutulur. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə vermək üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektara 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahədə isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara düşür. Deqradasiyanın qarşısının alınması və münbitliyin artırılması məqsədilə əkinçiliyin biologiyalaşdırılması (üzvi əkinçilik sistemi, sideral bitkilərindən və küləşdən üzvi gübrə kimi istifadə olunması indiki mərhələdə çox vacibdir. Məsələn, elmi nəticəyə görə xaşa bitkisinin yaşıl gübrə kimi istifadə olunması nəticəsində torpağın hər hektarına 8-12 ton üzvi maddə daxil olmuşdur ki, bu da hər hektara 40 ton peyin verilməsinə bərabərdir. Xırdalanaraq torpağa verilən küləşin təsiri nəticəsində 50-70 faiz humusun itirilməsinin qarşısının alınması torpağın aqrofiziki və bioloji xassələrinin yaxşılaşmasına səbəb olmuşdur. Təsdiq olmuşdur ki, 1 ton küləşin torpağa paylanması nəticəsində 150 kq humus əmələ gəlir. Yazlıqlar üzrə hektardan istehsal olunan  hər ton taxıl məhsulundan 0,5-0,7 ton küləş məhsulunun əldə edildiyini, payızlıqlar üzrə isə bu rəqəmin 1 ton təşkil etdiyini nəzərə alaraq, bu tədbirin nə dərəcədə səmərəli olması barədə şərhə ehtiyac qalmır. Torpaqlarin münbitliyinin mühafizəsi üçün becərmə tədbirləri imkan daxilində kompleks qaydada təşkil olunmalı, torpaqların strukturunun pozulmasına səbəb olan iriqabaritli və ağır texnikaların istifadəsi məhdudlaşdırılmalıdır. Suvarma qaydalarına ciddi əməl olunmalı, mütərəqqi suvarma üsullarına üstünlük verilməli, torpağın təkrar əkin üçün şumlanması biçindən dərhal sonra (torpaq bərkiməmiş) yerinə yetirilməlidir. Ötən ildə şumun gecikdirilməsi səbəbindən səpinin optimal müddətdə aparılmasında çətinliklər və digər əlavə problemlər yaranmışdır.

Yeni iqtisadi şəraitdə torpaq resurslarına qənaətedici texnika və texnologiyalara üstünlük verilməli, intensiv texnologiyanın tətbiqi üçün böyük əhəmiyyət kəsb edən torpaqların işlənilməsinin minimallaşdırılması, “sıfır” becərmə, səthi azlaydırlı, laydırsız kombinə edilmiş üsulların tətbiqi, aqrolandşaftın ekoloji balanslaşmasını, təbii qanunauyğunluqları özündə cəmləyən ekoloji-landşaft əkinçilik sisteminin təşkili müasir dövrün tələbləri və davamlı inkişafın təmin olunması baxımından çox vacibdir. Müasir əkinçilik təsəvvürlərinə görə aqrar sahədə davamlı inkişafın təmin edilməsi üçün əkin sahəsinin 5-6 faizinin meşə zolaqlarından ibarət olunması tövsiyə olunur. Belə ki, meşə və meşə zolaqları küləyin zərərli təsirinin qarşısını almaqla, onun surətini 30-50 faiz azaldır, havanın nisbi rütubətini 4-8 faiz artırır. Meşəqoruyucu aqrofitosenozlarda qarın əriməsi tədricən baş verir ki, bu da torpağın üst qatında nəm ehtiyatını 40-100 mm artırır. Meşə zolaqları torpaq səthi ilə baş verən qeyri-məhsuldar buxarlanmanı 20-30 faiz, yaz su axınını isə 2-4 dəfə azaldır. Meşə bitkiləri salınmış ərazilərdə kənd təsərrüfatı  bitkiləri üçün böyük əhəmiyyətə malik mikrobioloji proseslər aktivləşir, torpağın münbitliyinin artırılmasında başlıca rol oynayan humusun miqdarı 4-13 ton, azotun miqdarı 100-400 kq, fosforun miqdarı isə hər hektarda 30-700 kq artır ki, bu da aqrar sahənin qarşısında qoyulmuş piroritet vəzifələrin, o cümlədən etibarlı ərzaq təminatı siyasətinin uğurla həyata keçirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edir. Meşə və meşə zolaqları sahələrinin genişləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılması sahəsində müstəsna əhəmiyyətə malik torpaqların münbitliyinin artırılması, bərpası və mühafizəsi, habelə bütün dünya ölkələrini narahat edən qlobal iqlim dəyişmələriinin aqrar sahəyə təsirinin minimum endirilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından mühüm tövfə ola bilər. Yerlərdə torpaq istifadəçilərinin özləri bildiyi kimi, primitiv iş üsullarından istifadə etmələri, meliorasiya-irriqasiya tədbirlərinin vaxtında və lazımı səviyyədə aparılmaması və s. ciddi problemlər yaratmışdır.

Yaranmış vəziyyət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi- tədqiqat müəssisələrinin fermerlərlə daha yaxından və qarşılıqlı faydalı müqavilələr əsasında işləmələrini tələb edir. Fermerlərimiz həm torpağın,  həm də bitkilərin fiziologiyasını, morfologiyasını, mənşəyini, təbiətin əlverişsiz amillərinə qarşı davamlılığını və s. bu kimi problemlərin  mahiyyətini başa düşməli və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlər görməli, necə deyərlər həyacan təbili çalmalıdırlar. Yadda saxlamaq lazımdır ki, torpaq da canlıdır, ona olan münasibət digər canlılara olan münasibət kimi olmalıdır. Torpaqların yaxşılaşdırılması ilə bu gün məşğul olmalıyıq, onu sabaha və ya o biri günə saxlamaq vəziyyəti daha da gərginləşdirər  və kapital qoyuluşunu qat-qat artırar. Obrazlı desək, bu gün hər bir torpaq istifadəçisi torpağın və bitkinin “dilində” danışmağı öyrənməli və  onlarla necə davranmağı bacarmalıdır. “Pis torpaq yoxdur, pis təsərrüfatçı var” deyimini həmişə yadda saxlamaq və torpaqların becərilməsinə bu prinsiplərə ciddi əməl edilməsi baxımından yanaşılmalıdır.

Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hamımızın müqəddəs və təxirəsalınmaz işidir.

05.12.2024

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

05.12.2024

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək

05.12.2024

Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə